Şuşadakı türk məktəbinin təməlini İlham Əliyev, Ərdoğan və Bağçalı birlikdə atacaq

   

Şuşadakı türk məktəbinin təməlini İlham Əliyev, Ərdoğan və Bağçalı birlikdə atacaq


"Ermənistanın işğalından azad olunan Şuşa şəhərində Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MPH) Ülkü Ocaqlarının Təhsil və Mədəniyyət Fondunun tikəcəyi məktəbin təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Bağçalının iştirakı planlaşdırılır".

LIVE.az xəbər verir ki, bunu MHP sədrinin müşaviri, memar Ziya Günaydın deyib.

Azərbaycana səfərindən danışan müşavir bildirib ki, hazırda Şuşaya yol problemi var və bunu aradan qaldırmaq üçün yeni yol çəkilir: “Müşahidələrimizə və keçirdiyimiz görüşlərə əsasən deyə bilərəm ki, işlər sürətlə gedir və yaz gəlmədən bu yolun açılması planlaşdırılır. Prezident İlham Əliyev bizə də “Mən qardaşımsız Şuşaya getmərəm, birgə gedəcəyik” dedi. O, möhtərəm Dövlət bəyin də gəlməsini arzu etdiyini və birlikdə təməl qoyulacağını söylədi. Hazırlıqlar bitəndən sonra yol açılışı və sonra iki prezident və Dövlət bəyin iştirakı ilə məktəbin təməlinin qoyulması planlaşdırılır”.

Z.Günaydın bildirib ki, məktəbin tikiləcəyi yer hələlik müəyyənləşməyib: “Şuşada diqqətlə kadastr işləri aparılır. Cənab İlham Əliyev qeyd etdi ki, bu işlər nəticəsində məktəbə şəhərin ən gözəl yerində ərazi ayrılacaq”.


MHP-nin Şuşada tikəcəyi türk məktəbinin detalları açıqlanıb

“Şuşada tikəcəyimiz məktəbin əsas girişi Osmanlı və Səlcuqlu motivli çinilərlə bəzədiləcək”.

LIVE.az Report-a istinadla xəbər verir ki, bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının müşaviri, memar Ziya Günaydın deyib.

“Şuşada quşa bənzəyən, xarıbülbül adlı çiçək var... O, bayraq tək önəmli güldür. Bu çiçəyin surətini məktəbimizin fasadına quraşdıracağıq... Qapının hündürlüyü 4 metr, eni 3 metr olacaq. Osmanlı və səlcuqlulardakı kimi böyük qapılar millətin böyüklüyünü və gələcəyini ehtiva edir”, - Z.Günaydın bildirib.

MHP sədrinin müşavirinin sözlərinə görə, binanın pəncərələrində Safranbolu, Divriği kimi türk xalq arxitekturasındakı elementlərdən istifadə ediləcək: “Məktəbin damında 30 tona yaxın bürünc istifadə ediləcək, eyni zamanda Türkiyə və Azərbaycan bayraqları yan-yana ucaldılacaq. Siniflər, müəllimlər otaqları, atelyelər kimi bir çox sahələr funksional olacaq və arxitektura ilə vəhdət yaradacaq şəkildə layihələndiriləcək”.

Qeyd edək ki, Ziya Günaydın məktəb binasının təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin MHP sədri Dövlət Bağçalının iştirakının planlaşdırıldığını açıqlayıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri