İtaliyanın daha üç bələdiyyəsi Azərbaycana dəstək sənədləri qəbul edib



İtaliyanın Katanzaro əyalətinin Soverato bələdiyyəsi, Kieti əyalətinin Fossacesia bələdiyyəsi və L’Aquila əyalətinin Sante Marie bələdiyyəsi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlığının daha da gücləndirlilməsinə çağırış edən sənədlər qəbul edib.

Azərbaycanın İtaliyadakı səfirliyindən report-a verilən məlumata görə, sənədlərdə Dağlıq Qarabağın beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanındığı, 1990-cı illərin əvvəllərində Azərbaycana məxsus ətraf 7 rayon da daxil olmaqla Ermənistan tərəfindən işğal olunduğu, istər Dağlıq Qarabağdan, istərsə də ətraf 7 rayondan bütün azərbaycanlıların zorla çıxarıldığı qeyd olunub. Həmçinin sənədlərdə münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası, Baş Assambleyasının qətnamələrinin və digər beynəlxalq təşkilatların qərarlarının Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verərək Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş həmin ərazilərdən dərhal çıxarılmasını, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılmasını tələb etdiyi bildirilib.

Sənədlərdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunmaqla yanaşı münaqişədən əziyyət çəkmiş insanlarla həmrəylik nümayiş edilir, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməli olduğu vurğulanır.

Eyni zamanda, sənədlərdə istər 1990-cı illərdə, istərsə də 2020-ci ilin 27 sentyabr tarixindən etibarən başlamış müharibənin çoxsaylı insan itkisinə gətirib çıxardığı və 10 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının prezidentinin imzaladığı bəyanatın məhz münaqişəyə son qoyulması və Ermənistan tərəfindən işğal edilmiş ərazilərin Azərbaycana qaytarılması məsqədi daşıdığı vurğulanıb.

Bələdiyyələr öz sənədləri ilə həmçinin rəsmi İtaliyanın davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə diqqəti çəkərək və bu xüsusda, Azərbaycan Respublikası Prezidentinin cari ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin müvafiq müddəalarına istinad ediblər. Habelə sənədlərdə sözügedən bəyannaməyə istinadən strateji tərəfdaşlar olan Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, mədəni, tarixi, dini irsin qorunması, akademik, texnologiya, səhiyyə, müdafiə, nəqliyyat sahələrində, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində də geniş əməkdaşlığın və qarşılıqlı dəstəyin mövcud olduğu vurğulanıb.

Qeyd edək ki, İtaliyanın ümumilikdə 20-yə yaxın şəhər və bələdiyyələri oxşar sənədlər qəbul ediblər.
Şərhlər
Siyasət bölməsinin xəbərləri