Bakıda zəncirvarı qəzanın baş verməsi ilə bağlı cinayət işi başlanıb
- 24.02.2021, 21:32,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Daxili İşlər Nazirliyi Bakının Qaradağ rayonu ərazisində baş verən zəncirvarı qəza ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əvvəlcədən elan olunan xəbərdarlıqlara bəzi sürücülər tərəfindən əhəmiyyət verilməməsinin nəticəsidir ki, bu gün səhər saat 8 radələrində ağır yol-nəqiyyat hadisəsi baş verib: "Əsas səbəb yolların qarlı və buzlu olduğu bir vaxtda təcrübəsiz və diqqətsiz sürücülərin hava şəraitinə uyğun sürət həddini seçməmələri olub.
Belə ki, Bakı-Qazax avtomobil yolunun 10-cu kilometrliyində, Qaradağ rayonu ərazisində 8 avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada bir nəfər həlak olub, bir nəfər isə yaralanıb. Qəzadan sonra qeyd olunan ərazidə qısamüddətli tıxac yaransa da, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının operativ gördükləri tədbirlər nəticəsində yolda hərəkət tam bərpa edilib.
Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır, zəruri tədbirlər həyata keçirilir".
Nazirlik bir daha nəqliyyat vasitələrinin sahiblərinə, sürücülərə müraciət edərək onları əlverişsiz havalarda nəqliyyat vasitəsindən az istifadə etməyə, sükan arxasında olarkən hava şəraitinə uyğun sürət həddini düzgün seçməyə və daha çox diqqətli olmağa çağırırıb.