Şuşada Xocalı qurbanlarının xatirəsi anılıb



Xocalı soyqırımının 29-cu ildönümü Şuşa şəhərində qeyd olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan mediaya verilən məlumata görə, ermənilər tərəfindən qətlə yetirilən Xocalı sakinlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, Şuşa şəhəri ötən il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Xatırladaq ki, bu gün - fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Şərhlər
Sosial bölməsinin xəbərləri