Azərbaycanın Litvadakı səfiri: “Litvanın rəsmi mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşür”
- 05.08.2013, 16:42,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bu, Litvanın rəsmi mövqeyi deyil. Litvanın rəsmi mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Sadəcə, bu cür hallardan ikitərəfli münasibətlərə xələl gətirmək üçün istifadə edilir. Bu halın ikitərəfli əlaqələrə təsir edib-etməyəcəyini zaman göstərəcək”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə deyib.
Litvalı diplomatların “Youtube”da yerləşdirilən şəxsi telefon danışıqlarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiklərinin iki ölkə münasibətlərinə təsir göstərib-göstərməyəcəyi haqda sualı cavablandıran səfir bu məsələ ilə əlaqədar barədə Litvanın rəsmi şəxsləri, o cümlədən xarici işlər nazirinin müavini və Litva Prezident Administrasiyasının xarici siyasət üzrə baş müşaviri ilə görüşlər keçirdiyini bildirib: “Litva xarici işlər naziri məzuniyyətdə olduğu üçün bizim təşəbbüsümüzlə onun müavini ilə görüş keçirildi. Prezident Administrasiyasındakı görüş isə Litva tərəfinin təşəbbüsü ilə gerçəkləşdi. Bu, onların da yaranmış vəziyyətdən narahatlıq keçirdiyini göstərir. Görüşlərdə mənə bəyan etdilər ki, telefon danışıqları qətiyyən Litvanın rəsmi mövqeyini əks etdirmir və bu ölkənin rəsmi mövqeyi iki ölkə dövlət başçılarının imzaladığı sənədlərdə qeyd olunduğu kimi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasına çağırmaqdan ibarətdir. Məni əmin etdilər ki, Litva bu mövqeyinə sadiqdir”.
H. Məmmədzadə lent yazılarının dəqiq olub-olmadığı ilə əlaqədar təhqiqat aparıldığını söyləyib: “Hələlik tam əminliklə demək olmaz ki, diplomatlar o sözləri doğrudan da deyiblər, yoxsa bunlar təxribat məqsədilə hazırlanan montajdır? Mənə obyektiv təhqiqat aparıldığını və bütün lazımi addımların atılacağını bildirdilər”.
H. Məmmədzadə xatırladıb ki, Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskas təhqiqatın başa çatmasını gözləmədən istefa ərizəsi yazaraq Litva XİN-ə təqdim edib.
Xatırladaq ki, iyulun 8-də “Youtube”da Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskas, Macarıstandakı səfir Renatas Yuşka, Litva XİN-in Şərq tərəfdaşlığı siyasəti departamentinin direktor müavini Zenonas Kumetaytis və XİN-in əməkdaşı Gediminas Kasputisin telefon danışıqları yerləşdirilib. Söhbətlərin birində A. Jurauskas litvalı sahibkar Kyastutuslə danışır. Saytda söhbətlər ingiliscə titrlə verilib. İki lent yazısında Azərbaycan və Ermənistan arasındakı münasibətlər müzakirə olunur və litvalı diplomatlar Dağlıq Qarabağ münaqişəsinə dair ermənipərəst mövqe ifadə edir. R. Yuşka bildirir ki, Dağlıq Qarabağın “Arsax” adlandırılmasına tərəfdardır və bu məsələdə ermənilərin tərəfindədir.