Azərbaycanda 15 ay ərzində 93,1 ton keyfiyyətsiz ərzaq məhsulları məhv edilib

Azərbaycanda 15 ay ərzində 93,1 ton keyfiyyətsiz ərzaq məhsulları məhv edilib Bu gün Zərdabda "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda növbəti konfrans keçirilib. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İsteklakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 260-dan çox istehlakçı iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev Azərbaycan iqtisadiyyatının davamlı inkişaf etdiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını vurğulayıb. Qeyd olunub ki, bütün bunlar əhalinin artan tələbatının daha dolğun ödənilməsinə, istehlakçıların seçim imkanının genişləndirilməsinə şərait yaradır, eyni zamanda, istehlakçı hüquqlarının etibarlı müdafiəsinə diqqətin artırılmasını zəruri edir. İstehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verən Əliyev 2012-ci il və bu ilin yanvar-mart ayları ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 93,1 ton müxtəlif növ ərzaq mallarının satışdan çıxarılaraq məhv edildiyini bildirib.

Dövlət Xidmətinin rəis müavini istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirlərinin də xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirilib ki, ötən il istehlakçıların maarifləndirilməsi məqsədilə 15 adda 183 mindən çox buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 19 min yaddaş kitabçası hazırlanaraq paylanıb, televiziya kanallarında sosial reklam çarxları yayımlanıb. 2013-cü ildə də istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Belə ki, hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq edilir, müxtəlif mal və xidmətlərə dair maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr", "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir", "Ərzaq malları alarkən nələrə diqqət yetirməli" mövzularında məruzələrlə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri