Riçard Morninqstar: “ABŞ Azərbaycan MSK tərəfindən prezident seçkisinin 9 oktyabr 2013-cü il tarixində keçiriləcəyinin elan olunmasını alqışlayır”
- 05.08.2013, 16:50,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Birləşmiş Ştatlar Azərbaycan Mərkəzi Seçki Komissiyasının prezident seçkisinin oktyabrın 9-da keçiriləcəyini elan etməsini alqışlayır. Seçki mövsümünün fəal mərhələsinin başlandığını nəzərə alaraq, biz Azərbaycan hökumətini xalqın iradəsini əks etdirəcək azad və ədalətli seçki prosesini təmin etməyə çağırırıq. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfir Riçard Morninqstar Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar verdiyi bəyanatında bildirib. Məlumatı ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb.
Səfir bəyanatında deyib ki, müsəlman dünyasında ilk demokratik dövlət 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti olub: "Biz Azərbaycan rəsmilərinə müraciət edərək onları bu qürurverici tarixə uyğun hərəkət etməyə, eləcə də öz vətəndaşları və beynəlxalq ictimaiyyət qarşısında üzərilərnə götürdükləri öhdəlikləri yerinə yetirməyə, prezident seçkisi öncəsi və sonrası sərbəst toplaşmaq, birləşmək və söz azadlıqlarına hörmət etməyə çağırırıq".
R.Morninqstar daha sonra bildirib: "Səsvermə başladıqda pozuntu hallarının məhdudlaşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçirilən dairə seçki komissiyası rəhbərlərinin, seçicilərin və polisin öz hüquq və öhdəlikləri barədə maarifləndirilməsi fəaliyyəti bizi ruhlandırır. Bununla belə, azad və ədalətli seçkilər sadəcə seçki günü baş verənlərlə məhdudlaşmır. Seçkiöncəsi qərəzsiz mühitin təmin olunması üçün Azərbaycan hökuməti bütün siyasi partiyaların və maraqlı qrupların kütləvi informasiya vasitələrinə bərabər çıxışının olmasını, hər hansı müdaxilə olmadan ölkənin hər bir yerində seçki kampaniyası tədbirlərinin və müntəzəm partiya görüşlərinin keçirilməsi azadlığını təmin etməlidir. Bura gənclərin ölkənin gələcəyi haqqında öz fikirlərini internetdə, mətbuatda, yığıncaq zallarında bildirməsinə, inzibati qaydada və yaxud qeyri-müəyyən müddətə istintaq təcridxanasında saxlanılmaqdan və digər hədələrdən qorxmadan ictimai meydanlardan istifadə edə bilməsinə imkan verən sağlam vətəndaş dialoqu mühitinin yaradılması da daxildir. Biz İlqar Məmmədov və Tofiq Yaqublu kimi gənc fəallar, jurnalistlər və siyasi liderlərlə bağlı aparılan məhkəmə prosesinin qanunun aliliyinə uyğun olaraq sürətləndirilməsini, şəffaf və ədalətli qərarın çıxarılmasına qətiyyətlə çağırırıq".
Qeyd edək ki, Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu və "Real" hərəkatının həmsədri İlqar Məmmədov haqqında həbs qətimkan tədbiri seçilib. Onlar İsmayıllı hadisələri zamanı ictimai-siyasi sabitliyi pozmağa yönələn çağırışlar etməkdə ittiham olunur.
Diplomat deyib ki, səfirlik Azərbaycanı qarşıdan gələn seçkilərin monitorinqinin aparılması məqsədilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) rəsmi dəvətin təqdim olunması barədə verdiyi şifahi vədi yerinə yetirməyə çağırır: "Rəsmilər yerli seçki müşahidəçilərini qeydiyyata almalı və ölkənin hər yerində seçki fəaliyyətinin sərbəst şəkildə və qanuna müvafiq formada izlənilməsinə icazə verilməlidir. Hökumətin konstruktiv iştirakı, eləcə də sərbəst və dinc fikir mübadiləsi sayəsində bu prezident seçkiləri Azərbaycan cəmiyyətini gücləndirmək üçün imkan yaradır və beləliklə, Azərbaycanın gələcək sabitliyi ilə bağlı bizim ortaq maraqlarımızı daha da möhkəmləndirir".