Azərbaycanda bütün məktəblər bu ilin sonunadək internetlə təmin olunacaq

Azərbaycanda bütün məktəblər bu ilin sonunadək internetlə təmin olunacaq Bu ilin sonunadək Azərbaycanda bütün məktəblərin internetlə əhatə olunması planlaşdırılır.


APA-nın Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, «Azərbaycanda 2013-cü ilin «İKT ili» elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi üzrə Tədbirlər Planı»nda əsas bəndlərdən biri də ölkədə elektron təhsil həllərinin tətbiqinin genişləndirilməsidir.


Bu sahədə aparılan işlərin bir istiqaməti kimi cari ilin sonuna qədər bütün məktəblərin internetlə əhatə olunması nəzərdə tutulur. Məktəblərin İKT ilə təminatı üzrə mövcud vəziyyətə gəlincə, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2012-ci ildə Azərbaycanda kompüteri olan məktəblərin sayı 3 897, o cümlədən şəhər üzrə 1 108, kənd üzrə 2 789 olub.


Kompüteri olan məktəblərin bütün məktəblərdə payı 87,2%, o cümlədən şəhər üzrə 96,2%, kənd üzrə 84,1% təşkil edib. Orta hesabla bir kompüterə düşən şagirdlərin sayı ötən il ölkə üzrə 28, o cümlədən şəhər üzrə 26, kənd üzrə 31 nəfər olub.


Telefonla təmin olunmuş məktəblərin bütün məktəblərdə payına gəlincə, ölkə üzrə bu göstərici 62,9%, o cümlədən şəhər üzrə 84,5%, kənd üzrə 55,4% olub.


İnternetə çıxışı olan məktəblərin sayına gəlincə, belə məktəblərin sayı respublika üzrə 1 884, o cümlədən şəhər üzrə 882, kənd üzrə 1 002 olub.


Beləliklə, internetə çıxışı olan məktəblərin bütün məktəblərdə payı respublika üzrə 48,3%, o cümlədən şəhər üzrə 79,6%, kənd üzrə 35,9% təşkil edib.
Şərhlər
Sosial bölməsinin xəbərləri