Misirdə iki qatarın toqquşması nəticəsində 32 nəfər ölüb



Misirin Sohaq əyalətinin Taxta şəhərində iki qatar toqquşub.

APA-nın "Egypt Today"ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində üç sərnişin vaqonu relsdən çıxıb.

Ölkənin Səhiyyə Nazirliyi ən azı 32 nəfərin öldüyünü və daha 66 nəfərin yaralandığını bildirir.

Hadisə yerinə 36 təcili yardım maşını göndərilib, zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara çatdırırlar. Misir Baş Prokurorluğu hadisə ilə əlaqədar istintaqın başlanmasını, nəqliyyat naziri Kamel əl-Vəzir isə hər iki qatarın maşinistlərinin həbs edilməsini tapşırıb. Qəza səbəbindən cənub istiqamətindəki qatarların hərəkəti tamamilə dayandırılıb.

Xatırladaq ki, Misir dəmir yollarının qeyri-qənaətbəxş vəziyyəti səbəbindən dəmiryol nəqliyyatında qəzalar, demək olar, hər həftə baş verir. Lakin əksər hallarda qəzalar itkisiz və xəsarətsiz ötüşür. Ən pis hadisələrdən biri 2012-ci ildə Asyut vilayətində qeydə alınıb. Belə ki, tam sürətlə hərəkət edən sərnişin qatarı ekskursiyaya yollanan və 4-11 yaş arasındakı uşaqları daşıyan məktəb avtobusu ilə toqquşmuşdu. Nəticədə 50 nəfər həlak olmuşdu. 2017-ci ilin avqustun 11-də isə Qahirədən İsgəndəriyyəyə gedən sərnişin qatarı şimal paytaxtının yaxınlığında, Port-Səiddən gələn və relslərdə dayanan qatara çırpılmışdı. Hadisə zamanı lokomotiv və beş vaqon relslərdən çıxmışdı. Nəticədə 43 nəfər ölmüşdü, 236 nəfər isə yaralanmışdı.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri