2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı əcnəbilər üçün viza prosedurları sadələşdiriləcək



Prezident İlham Əliyev 2021 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

Live.az xəbər verir ki, sərəncama əsasən müəyyən edilib ki, 2021 Formula 1 Azərbaycan Qran Prisinin təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2021-ci il mayın 1-dən iyunun 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilib:

Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;

Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin və bu məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.
Şərhlər
İdman bölməsinin xəbərləri