“AZAL” London istiqamətində xüsusi reyslərin icrasına başlayır



Azərbaycanın milli aviadaşıyıcısı Heydər Əliyev Beynəlxalq Aeroportundan Londonun "Hitrou" hava limanına (IATA: LHR) yerinə yetiriləcək xüsusi reyslər üçün bilet satışına başlayır.

“AZAL”-dan LIFE.az-a bildirilib ki, aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından əldə etmək mümkündür.

"AZAL" aviaşirkəti Böyük Britaniyanın paytaxtına mayın 15-dən etibarən həftədə bir dəfə (şənbə günləri) uçuşlar icra etməyə başlayacaq, mayın 25-dən isə Bakı-London-Bakı marşrutu üzrə uçuşların sayı həftədə iki dəfəyədək artırılacaqdır (çərşənbə axşamı və şənbə günləri).

Aviabiletlərin satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçirilir.

Bakı-London istiqaməti üzrə reysin sərnişinləri:

- Böyük Britaniya ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Böyük Britaniya ərazisinə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-uk

 - koronavirus infeksiyasının olmaması barədə tibbi arayış almalıdırlar. Azərbaycanda COVID-19 infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: https://www.azal.az/az/information/covid-clinics. Eyni zamanda, Böyük Britaniyaya səyahət edən bütün şəxslər ölkəyə gəldikdən sonra iki dəfə - krallıq ərazisində olduğu ikinci və səkkizinci günlər koronavirus testindən keçməlidirlər. Həmin testlər səyahət etməzdən əvvəl hökumət saytındakı formanı dolduraraq əvvəlcədən təxsis edilməlidir.

London-Bakı istiqaməti üzrə reysin sərnişinləri:

- Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar və ya ölkədə daimi yaşamaq üçün icazəyə malik olmalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-azerbaijan.

- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kodun olması tövsiyə olunur, həmin kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq. Böyük Britaniyada koronavirus infeksiyasına dair testi vermək üçün tövsiyə edilən laboratoriyaların siyahısı ilə burada tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-azerbaijan.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər 14 təqvim günü ərzində özünütəcrid şəraitində qalmalıdırlar.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri