Yaponiya 2030-cu ilədək günəş və külək enerjisinin ümumi istehlakda payını 40%-ə çatdıra bilər
- 14.05.2021, 13:02,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yaponiya hökuməti günəş, külək və digər bərpa olunan enerji mənbələrinin ölkənin ümumi enerji balansındakı payını 2030-cu maliyyə ilinə qədər təxminən 40%-ə çatdırmaq niyyətindədir.
LİVE.az-ın APA-ya istinadla verdiyi məlumata görə, bu barədə "Asahi"qəzeti Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyindəki mənbələrə istinadən xəbər verir.
İndiyə qədər ölkə hökuməti 2030-cu maliyyə ilinə qədər bərpa olunan mənbələrin payını yalnız 22-24%-ə çatacağını ehtimal edirdi. Hazırda bu göstərici 18%-ə bərabərdir. Göründüyü kimi, göstəricinin 10 ildən az bir müddətdə iki dəfə artırılması nəzərdə tutulub.
Planlara görə, nüvə elektrik stansiyaları 2030-cu ilədək istehlak edilən ümumi enerjinin təxminən 20%-ni istehsal etməlidir. Bunun üçün təxminən otuz reaktorun işə salınması lazımdır. Yaponiyada "Fukusima-1"nüvə stansiyasında baş verən qəzadan sonra nüvə elektrik stansiyaları üçün çox ciddi təhlükəsizlik standartları tətbiq olunub. Nəticə etibarilə, hazırda ölkədə yalnız doqquz reaktor fəaliyyət göstərir, qalanları isə yenidən təchiz olunma və yoxlama mərhələsindədir.
Hazırda enerji balansında onların yerini kömür və təbii qazla işləyən istilik elektrik stansiyaları tutur, lakin atmosferə karbon qazı buraxan sənaye sahələrindən imtina proqramı çərçivəsində onların da payları əhəmiyyətli dərəcədə azalacaq.