Bakıda Formula 1 yarışlarının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti yürüşə hazırlığı başa çatdırıb.
Əməliyyat Şirkətindən mediaya verilən məlumata görə, dünyanın ən güclü pilotlarının Azərbaycana qayıtmasına sadəcə bir gün qalıb. Bu həftə sonunda Bakıda keçiriləcək beşinci Formula 1 yarışından əvvəl bütün hazırlıqlar artıq başa çatıb.
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Formula 1 üzrə yarış direktoru və təhlükəsizlik nümayəndəsi Maykl Masi iyunun 3-də Formula 1-dəki ən sürətli şəhər trekinin yarışa hazırlığını təsdiqləməzdən əvvəl Bakı şəhər halqasına son dəfə baxış keçirib.
Builki yarış davam edən koronavirus pandemiyası səbəbindən bağlı qapılar arxasında keçiriləcək. Pandemiya, həmçinin belə bir dünya miqyaslı idman tədbirinin keçirilməsi üçün tələb olunan işləri artırsa da, yarışa hazırlıq prosesini yavaşlada bilməyib.
Həqiqətən COVID-19 pandemiyası səbəbindən tətbiq olunan yeni sağlamlıq və təhlükəsizlik tədbirləri Formula 1-in ən coşğulu və gözlənilməz şəhər trekinin təşkilatçısı üçün hər zamankından daha çox çətinliyə səbəb olub.
20 döngəli və 6 kilometrdən bir qədər çox uzunluğa malik Bakı şəhər halqasının iyunun 4-6-da baş tutacaq Formula 1 yarış həftəsonuna hazır vəziyyətə gətirilməsi peşəkar kadrlardan ibarət BŞH komandasının son dörd ayda xüsusi səyi nəticəsində mümkün olub. Bundan əlavə, trek üzərindəki bütün tikililər Əməliyyat Şirkəti ilə Formula 1 işçilərinin, eləcə də komandalar, sürücülər və medianın təhlükəsiz şəraitdə iş apara bilməsi üçün müvafiq şərait qurulub.
Avtoidmanın zirvəsi sayılan Formula 1 yarışı bu həftəsonu iki ildən sonra, çempionatın ən vacib mərhələsində “asfalt cəngavərlərinin evini” yenidən alovlandıracaq. Ötən həftə Monakoda baş tutmuş yarışda Maks Ferstappen və komandası “Red Bull Racing” keçən ilin çempionu və mühəndislər kubokunun sahibi Luis Hemilton və komandası “Mercedes AMG Petronas” üzərində üstünlük qazandıqdan sonra çempionatdakı mübarizə daha rəqabətli müstəviyə keçib.
2016-cı ildə Formula 1 təqvimindəki ilk çıxışından etibarən indiyədək baş tutan bütün yarışlarda fərqli qalib olan Bakı şəhər halqası qısa müddət ərzində möhtəşəm, dramatik və gözlənilməz yarışlar təqdim edərək azarkeş və pilotların sevimli trekinə çevrilib.
BŞH-nın icraçı direktoru Arif Rəhimov yarışla bağlı danışarkən deyib: “Formula 1 ictimaiyyətini bu həftəsonu Azərbaycanda qarşılamağa hazır olduğumuzu bildirməkdən olduqca məmnunuq. Bu möhtəşəm tədbiri dünyanın dörd bir yanına təqdim etməkdə bizə bütün əzmi, fədakarlığı və sevgisi ilə kömək edən “Bakı Şəhər Halqası”nın bütün kollektivi ilə fəxr edirəm. Formula 1 bolidlərinin gözəl trekimizdəki gərgin mübarizəsinə şahid olduğumuz sonuncu yarışdan çox vaxt keçib və mən bu həftəsonunda sürücülərin qarşısına hansı sürprizlərin çıxacağını görmək üçün səbirsizlənirəm. Bir şey dəqiqdir: söhbət Formula 1 Azərbaycan Qran Prisinə gəldikdə, hər zaman gözlənilməzi gözləməlisiniz!”
FIA rəsmisi M.Masi trekin yarışa hazırlığını belə qiymətləndirib: “Azərbaycana yenidən gəlməkdən, həmçinin Azərbaycan Avtomobil Federasiyasının və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin hər bir əməkdaşı ilə birlikdə işləməkdən çox məmnunam. Ümid edirəm ki, bu il biz Bakı trekində növbəti möhtəşəm yarışa şahid olacağıq. Bu tədbir aylar əvvəl başlanılan tikintidən cümə axşamı günü marşalların trekdə keçirəcəyi simulyasiya təlimlərinə qədər davam edən uzun müddət ərzində görülmüş böyük hazırlıqlar nəticəsində ərsəyə gəlib. Keçirdiyimiz baxış əsasında deyə bilərəm ki, Bakı şəhər halqası yarış üçün əla vəziyyətdədir”.