AzTV Kəlbəcərdəki hadisə ilə bağlı bəyanat yayıb

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Kəlbəcərdə 4 iyun 2021-ci ildə baş vermiş hadisə ilə bağlı bəyanat yayıb.

Live.az bəyanatı təqdim edir:

"İşğaldan azad olunmuş bölgələrimizdə artıq bir müddətdir ki, Azərbaycan Televiziyası və Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ın bir qrup əməkdaşı çəkilişlər aparır. Məqsəd Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan xalqının mülkiyyətini və tarixi abidələrini darmadağın edərək yol verdiyi vandalizmi dünyaya göstərmək və sənədləşdirməkdir.

Bu gün həmin qrupu növbəti çəkiliş üçün Kəlbəcərin Susuzluq kəndinə aparan avtobus hərəkət olan yolda tank əleyhinə minaya düşüb. Nəticədə Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın müxbiri 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov, RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar. Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər. Onların arasında Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədov da var.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik!

Bu hadisə düşmənin mülki şəxslərə qarşı törətdiyi amansız cinayətlərin daha bir nümunəsidir. Bu, eyni zamanda media nümayəndələrinin işğaldan azad olunan ərazilərimizdə faəliyyətinə qarşı yönəlmiş terror aktıdır. Ermənistan tərəfinin Kəlbəcərdən öz qoşunlarını çaxararkən minalar basdırmasının nəticəsidir. Bu günə qədər mülki şəxslər, o cümlədən peşə fəaliyyətini həyata keçirən jurnalistlər minaların qurbanı olurlar. Beynəlxalq media təsisatlarına, jurnalistlərin hüquqlarını qoruyan təşkilatlara müraciət edərək onlar tərəfindən həmrəylik nümayiş etdirilməsinə və Ermənistandan mina xəritələrini gizlədərək mülki insanları hədəf alan siyasətə son qoymağı tələb etməyə çağırırıq".


///


Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

"Bu barədə AzTV-dən verilən məlumatda yazılıb.

Qeyd olunub ki, baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!", - məlumatda vurğulanıb.

AzTV-nin hadisə ilə bağlı yaydığı sujetdə bildirilib ki, hadisə Kəlbəcərin Susuzluq kəndinə gedən yolda qeydə alınıb.

Hadisə zamanı AzTV-nin rejissoru Emin Məmmədov, nəqliyyat vasitəsinin sürücüsü və kənd sakini yaralanıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri