Prezident İlham Əliyev: "Azərbaycanın xarici siyasət kursu bütün ölkələrlə əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır"
- 12.06.2021, 17:03,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın xarici siyasət kursu dünyanın bütün ölkələri ilə əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Hesab edirəm ki, məhz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilata – Qoşulmama Hərəkatına sədrlik edir. Biz 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatının sədri seçilmişik. Bu, Azərbaycanın yüksək səviyyəli beynəlxalq nüfuzunu nümayiş etdirir. Çünki 120 ölkənin yekdil qərarı ilə seçilmək çox şey deməkdir. Sədrliyi təhvil aldıqdan sonra bəyan etdik ki, biz ədaləti, beynəlxalq hüququ və üzv dövlətlərin maraqlarını qoruyacağıq. Biz bunu etməyə çalışırıq.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev yunun 12-də Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığının, Monteneqro Respublikasının, Estoniya Respublikasının, Somali Federativ Respublikasının, Yeni Zelandiyanın, Sloveniya Respublikasının və Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən deyib.
Prezident qeyd edib ki, xüsusilə indi COVID-19 pandemiyası ilə əlaqədar olaraq Azərbaycan iki mühüm beynəlxalq tədbirin keçirilməsinin təşəbbüskarı olub – Qoşulmama Hərəkatının COVID-19-a həsr olunmuş Sammiti və BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi iclası. Bu təşəbbüs də 155 ölkə tərəfindən dəstəklənmişdir. Bizim daimi verdiyimiz ən əsas mesajlardan biri vaksin millətçiliyinə yol verməmək və vaksinləri almaq üçün maliyyə resursları olmayan ölkələrin donor təşkilatları və zəngin ölkələr tərəfindən dəstəklənməsinə imkan yaratmaq üçün vaksinlərin ədalətli paylanılmasıdır.
APA