ABŞ və Rusiya prezidentləri Co Baydenlə Vladimir Putin arasında geniş tərkibli və məhdud tərkibdə baş tutan görüşlər fasilə də daxil olmaqla 4 saat yarım davam edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, iki liderin Cenevrə gölünün sahilindəki "Villa La Grange" sarayında görüşü yerli vaxtla saat 5-də başa çatıb, bir qədər sonra isə Putinin mətbuat konfransı başlayıb.
Görüşlə bağlı danışan Putin bildirib ki, bir neçə ay bundan əvvəl qarşılıqlı olaraq geri çağırdıqları səfirlərin yenidən vəzifə başına qayıtmalarına dair razılıq əldə edilib.
---
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Cozef Baydenlə görüşmək üçün İsveçrənin Cenevrə şəhərində səfərdədir.
“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
Bir müddət əvvəl Kremldən bildirilmişdi ki, görüş üç hissədən ibarət olacaq: dar çərçivədə və çay fasiləsi ilə iki genişləndirilmiş iclas. Görüşün 4 saat 45 dəq. sürəcəyi gözlənilir.
Dövlət başçıları saat 20:00-da mətbuat konfransı keçirəcəklər.
Vladimir Putinin başçılıq etdiyi nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, xarici işlər naziri Sergey Lavrov, prezidentin mətbuat katibi Dmitri Peskov, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov, Rusiya XİN başçısının müavini Sergey Ryabkov, Prezident Administrasiyası başçısının müavini Dmitri Jkozak və RF prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev daxildir.
Cozef Baydenin başçılıq etdiyi nümayəndə heyətinə dövlət katibi Entoni Blinken, siyasi məsələlər üzrə dövlət katibinin müavini Viktoriya Nuland, ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan, Rusiya üzrə milli təhlükəsizlik şurasının baş direktoru Erik Qrin və prezidenti milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Cek Sallivan daxildir.
Bu, Vladimir Putinlə ABŞ-ın keçmiş prezidenti Donald Tramp arasında 2018-c ildə Finlandiyanın Helsinki şəhərindəki danışıqlardan sonra ilk görüşdür.
Qeyd edək ki, görüş La Qranj malikanəsində keçiriləcək.