Sadıq Sadıqov: "Elmar Qasımovun uzaqlaşdırılmasına qərar verildi"



Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqovun "Report"a müsahibəsi

- Tanınmış cüdoçu Elmar Qasımov binanın eyvanından dollar əskinasları səpələməsini əks etdirən video paylaşıb. Bununla bağlı mövqeyiniz necədir?

- Elmar Qasımovu dəfələrlə çağırıb xəbərdarlıq, tənbeh etmişik. Amma şəxsi problemi var deyə, o demək deyil ki, nə istəsə edə bilər. Qasımov ACF-ni təmsil edir. Ermənistanda nailiyyət qazandığı, bayrağımızı qaldırdığı, olimpiya mükafatçısı olduğu üçün düşündük ki, Tokio olimpiadasınadək yumşaldıcı tədbirlər görərək, ona əlavə şans verək. Məsələ müzakirə olundu və Qasımovun federasiyadan və məşqlərdən uzadlaşdırılmasına qərar verildi. Onu başa düşə bilmirəm. Yəqin, psixoloji durumu yerində deyil. İnsana sözü bir dəfə deyərlər. Özü bundan nəticə çıxarmalıdır. Bundan sonra necə olacaq, özünü necə aparacaq - özü bilər. Bizlik deyil.

- Yığmaya yenidən qaytarılma şansı var?

- Hara qaytarılsın? Ona bu qədər şans verildi, özü bütün təlim-məşq toplanışlarında iştirak etdi. Olimpiadanın təxirə salınmasını, son 5 ildə qazandığı nəticələri, dünya çempionatındakı çıxışını nəzərə alaraq, Elmara xeyli şans verdik. 100 kq-da olimpiadaya iki idmançımız lisenziya qazanmışdı. Biri o, idi, digər Zəlim Kotsoyev. Təcrübəli olduğu üçün Qasımovdan çox şey gözləyirdik. Zelimin son illərdə qazandığı nailiyyətlər, lisenziya xalları daha üstün olsa da, biz yenə Elmara dəfələrlə şans verdik. Yenə deyirəm, bu gün Elmarın Tokio-2020-də iştirak edib-etməməsinin buna heç bir aidiyyatı yoxdur. Dəyişiklik etmək istəyir, fikri nədir bilmirəm. Söhbət zamanı da özünü elə aparır ki, başa düşmək olmur. Normal insan o hərəkəti etməz. Söz tapıb deyə bilmirəm.

- Məlum videoda səpələdiyi dollar əskinasları əsl puldur, yoxsa...?

- Bu insan idmandan uzaqlaşıb. Görüşlərimizdə ona dəfələrlə demişəm ki, sən Azərbaycanın tanınmış cüdoçususan, Yerevanda ölkəmizin bayrağını qaldırıb himnimizi səsləndirən oğlansan. Belə həssas zamanda bu hərəkəti etmək düzgün deyil. Özü də deyir ki, əlindəki pullar saxta idi, üzərində yazılmışdı. Elmarda o imkan hardadır ki, pullərı küçəyə səpsin. Son illərdə elə də ciddi uğur və pul qazanmayıb. Sadəcə, gördü ki, bundan sonra idmanda uğur əldə edə bilməyəcək, keçdi "tik-tok" videoları çəkməyə. Bəlkə də blogerlik edib pul qazanmaq, karyerasını bunun üzərində qurmaq istəyir. Heç nə deyə bilmərəm. Azərbaycanı tanıdan, gənclərin idealı olan bir idmançının bu hərəkəti etməsi çox pis haldır. Artıq tam olaraq qərarımızı vermişik. Bundan sonra necə olacağını bilmirik.

- Bu qərar nə zaman qəbul olunub və məlum video neçə gündür sizdə var?

- "Tik-tok"la bağlı məsələ çoxdan var. Elmarın səhifəsinə girsəniz, şit-şit zarafatlarını görə bilərsiniz. Bu cür şeylərə görə dəfələrlə tənbeh olunub. Ona kim olduğunu izah etmək istədik, amma başa düşmədi. Kimliyini tanımayan adama biz nə deyək?

- Belə hərəkətləri edərkən anlaqlı vəziyyətdə olur?

- Yəqin ki. Azərbaycanın ən aparıcı idmançılarından və mütəxəssislərindən birinin, olimpiya mükafatçısının belə etməsi düzgün deyil. Biz deyirik, amma o, öz bildiyini edir. Sonra da federasiyaya təzyiq olur. Özü ilə söhbət edirik, deyir ki, bu, mənim şəxsi həyatımdır. Bu gün onun uğurlarını da dana bilmərik. Azərbaycan cüdosunda öz salnaməsi, imzası var. Amma işini belə görəcəksə, gələcək nəsil ondan nə ibrət götürəcək? Biz də cüdoçunu cəzalandırırıq ki, üstümüzdə basqı olmasın. Yazırlar ki, idmançı qazandığı pulu küçəyə səpdi. Çəkiliş, "layk" xatirinə belə hərəkətlər etmək yolverilməzdir. Deyirlər ki, federasiya rəhbərliyi hara baxır? Yenə deyirəm, dəfələrlə onunla söhbət etməyimizə baxmayaraq, bu qulağından alır, o birindən verir. Bu normal hal deyil.

Şərhlər
İdman bölməsinin xəbərləri