Səfər Əbiyev ABŞ-ı təcavüzkarla işğala məruz qalan tərəfi fərqləndirməməkdə ittiham etdi

Səfər Əbiyev ABŞ-ı təcavüzkarla işğala məruz qalan tərəfi fərqləndirməməkdə ittiham etdi "Azərbaycan torpaqları 20 ildir ki, işğal altındadır. ABŞ və beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüquq normalarına əsaslanaraq təcavüzkarla işğala məruz qalan tərəfi fərqləndirmir."


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Vaşinqtonda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının müdafiə katibi Çak Heygellə görüşündə bildirib.


Görüşdə Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət barədə söhbət açan müdafiə naziri bildirib ki, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanda 1 milyondan artıq insan öz doğma yurdundan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: "Ancaq çox təəssüf ki, bu günədək beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən Ermənistanın işğalçı dövlət olduğu bəyan edilməyib."


Sözünə davam edən Səfər Əbiyev bu məsələdə 907-ci düzəlişin indiyədək aradan qaldırılmamasının yaratdığı problemləri və bunun ABŞ-ın xarici siyasəti ilə ziddiyyət təşkil etdiyini xüsusi vurğulayıb. Nazir Səfər Əbiyev Dağlıq Qarabağ münaqişəsinin həll edilmədiyi və Azərbaycan torpaqlarının işğaldan azad olunmadığı təqdirdə bütövlükdə regionda gərgin hərbi siyasi vəziyyətin davam edəcəyini amerikalı həmkarının diqqətinə çatdırıb.


Görüş zamanı ABŞ-ın müdafiə katibi Çak Heygel müdafiə naziri Səfər Əbiyevin fikirləri ilə razılaşdığını bildirib və Azərbaycanın dostu olaraq bundan sonra da ölkələrarası strateji əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsinə səy göstərəcəyini vurğulayıb. Daha sonra nazirlər ölkələr arasında hərbi-texniki əməkdaşlığın istiqamətləri barədə geniş fikir mübadiləsi aparıblar.


Azərbaycan Respublikası ilə ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə toxunan nazir Səfər Əbiyev əlaqələrin qurulmasında və inkişaf etdirilməsində Azərbaycanın praktiki addımlarının xüsusi önəmi olduğunu qeyd edib. O bildirib ki, ABŞ-la Azərbaycan arasında müdafiə sahəsində bir sıra proqramlar üzrə əməkdaşlığın davam etdirilməsi istiqamətində müsbət nəticələr əldə olunub. Nazir ölkəsinin 2014-cü ildən sonra da Əfqanıstandakı əməliyyatlara töhfə verəcəyini vurğulayıb və artıq bu niyyətin NATO tərəfindən dəstəkləndiyini həmkarının diqqətinə çatdırıb. Söhbət zamanı Səfər Əbiyev beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsinin və beynəlxalq koalisiya əməliyyatlarında birgə iştirakın verdiyi töhfələrin əməkdaşlığın möhkəmləndirilməsində böyük əhəmiyyət kəsb etdiyini bildirib.


Avro-Atlantik təhlükəsizliyə töhfə kontekstində Azərbaycanın həyata keçirdiyi işləri qeyd edən Səfər Əbiyev bu sahədə enerji, nəqliyyat, rabitə və digər regional layihələrin də strateji əməkdaşlığın inkişaf etdirilməsində mühüm faktora çevrildiyini vurğulayıb.


Çak Heygel müdafiə nazirindən Azərbaycan Respublikasının Prezidentinə salamlarını çatdırmasını xahiş edib.


Görüşün sonunda Azərbaycan Respublikasının müdafiə naziri Səfər Əbiyev ABŞ müdafiə katibi Çak Heygelə Azərbaycana rəsmi səfərə dəvət məktubunu təqdim edib. Heygel dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirib.


Azərbaycan Respublikasının müdafiə naziri Səfər Əbiyevin həmin gün ABŞ Hərbi Dəniz Katibi Rey Mabusla da görüşü olub. Söhbət zamanı Xəzərin təhlükəsizliyi və hər iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.
Hər iki görüşdə Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyəli səfiri Elin Süleymanov iştirak edib.


Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının müdafiə katibi Çak Heygelin dəvəti ilə Vaşinqtonda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pentaqona yola düşməzdən öncə "Arlinqton" xiyabınını ziyarət edərək Naməlum əsgərin məzarı önünə əklil qoyub.
Şərhlər
Siyasət bölməsinin xəbərləri