Şuşa şəhərinin rəqs qrupu Azərbaycanı beynəlxalq festivalda təmsil edəcək
- 06.08.2013, 15:45,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Macarıstanda keçiriləcək folklor festivalında Azərbaycanı Şuşa şəhərinin musiqili rəqs qrupu təmsil edəcək.
"Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyindən Trend-ə verilən məlumata görə, Macarıstanın Respublikasının Döndöş şəhərində dünyanın bir çox ölkələrindən olan nümayəndə heyətinin iştirakı ilə folklor festivalı keçiriləcək. Azərbaycan Respublikasının Şuşa rayonunu təmsil edən geniş nümayəndə heyəti festivalda iştirak üçün Macarıstana yola düşüb.
Qeyd edək ki, festival 2008-ci ildən başlayaraq hər il Folklor Festivallarının Təşkili Beynəlxalq Birliyinin - CİOFF ( İnternational Council of Organizations of Folklore Festivals) tətbiq etdiyi standartlar əsasında təşkil olunur. Bu il festivala Azərbaycan, Brazilya, Kolumbiya, Fransa, Yunanıstan, İordaniya, Çin, İspaniya, Ukrayna və Macarıstanın fərqli rəqs və musiqi qrupları dəvət olunublar.
Xatırladaq ki, 2013-cü il mayın 9-da Azərbaycanın işğal altında olan Şuşa şəhəri ilə Döndöş şəhəri arasında Qardaşlaşma Bəyanatı imzalanıb. Məhz bu səbəbdən Azərbaycanın mədəniyyəti, tarixini və ənənələrini təqdim etmək üçün Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi vasitəsi ilə festivala Azərbaycan tərəfindən Şuşa şəhərinin musiqili rəqs qrupu dəvət olunub.
Dəvət əsasında Azərbaycanı festivalda Şuşa Rayon Mədəniyyət və Turizm İdarəsi nəzdində fəaliyyət göstərən məcburi köçkünlərdən təşkil olunmuş rəqs və musiqi ansamblı təmsil edəcək.
Tədbirdə, həmçinin "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İB-nin İdarə Heyətinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, İcmanın Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov və icmanın nümayəndə heyəti iştirak edəcək.