AVRO-2020: İtaliya yığması ikiqat Avropa çempionu oldu

 

Futbol üzrə Avropa çempionatında final oyunu keçirilib.

Turnurin so  oyununda İngiltərə və İtaliya yığmaları üz-üzə gəlib. Londondakı "Uembli" stadionunda təşkil olunmuş qarşılaşmanı 67 173 nəfər izləyib.

1 dəqiqə 57-ci saniyədə Lük Şou İngiltərə millisini hesabda önə çıxarmaqla yanaşı, Avropa çempionatları tarixinin ən erkən qoluna imza atıb. Bu, meydan sahiblərinin ilk yarı ərzində yeganə təhlükəli epizodu olub.

İtaliya yığması isə bərabərlik qolunu vurmaq üçün hücuma atılıb və istəyinə 67-ci dəqiqədə çatıb. Leonardo Bonuççi rəqib qapısı qarşısındakı qarışıqlıqdan sonra topu tora göndərib - 1:1. Beləliklə, "Yuventus"un müdafiəçisi Avropa çempionatlarının finalları tarixində qol vuran ən yaşlı oyunçu olub. O, 34 yaş 71 günündə fərqlənib.

Digər tərəfdən, İtaliya millisi 13-cü qola imza atmaqla, nəhəng turnirlərdə şəxsi rekordunu yeniləyib. Daha əvvəl 1934, 1982 və 2006-cı il dünya çempionatlarında "Skuadra Adzurra" 12 dəfə fərqlənmişdi.

Görüşün əsas vaxtı elə bu hesabla başa çatıb. Bu, 90 dəqiqə ərzində taleyi həll olunmayan 7-ci final qarşılaşması olub. 1960, 1976, 1996, 2000 və 2016-cı il Avropa çempionatlarında qalib əlavə vaxtda müəyyənləşib. AVRO-1968-də də eyni hal baş verib. Amma reqlamentə əsasən, iki gün sonra yenidən həlledici qarşılaşma keçirilib.

AVRO-2020-də isə əlavə vaxtda da qalib müəyyənləşməyib və nəticədə tarixdə ilk dəfə Avropa çempionu penaltilər seriyasında müəyyənləşib. Bu zaman Roberto Mançininin baş məşqçi olduğu kollektiv daha dəqiq olaraq, qalib gəlib - 3:2. Beləliklə, İtaliya millisi tarixində dördüncü dəfə yüksəldiyi qitə çempionatının final oyununu qələbə ilə başa vurub və ikiqat Avropa çempionu olub.

Daha əvvəl "Skuadra Adzurra" AVRO-1968-in qalibi olub.

Avropa çempionatı

Final

11 iyun

 İtaliya - İngiltərə - 1:1 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 3:2)

Qollar: Leonardo Bonuççi, 67 - Lük Şou, 2

Penaltilər seriyası

Domeniko Berardi (1:0)

Harri Keyn (1:1)

Andrea Belotti (1:1)

Harri Maquayr (1:2)

Leonardo Bonuççi (2:2)

Markus Reşford (2:2)

Federiko Bernardeski (3:2)

Ceydon Sanço (3:2)

Jorjinyo (3:2)

Bukayo Saka (3:2)

Baş hakim: Byörn Kuypers (Niderland)

London, "Uembli" stadionu
Şərhlər
İdman bölməsinin xəbərləri