Azərbaycanın valyuta bazarının mərhələli şəkildə liberallaşdırması təklif edilir



“Qlobal bazardakı volatilliyi nəzərə alaraq Mərkəzi Bankın Azərbaycanın valyuta bazarını mərhələli şəkildə liberallaşdırması məqsədəuyğundur”.

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramlı şəxsi "Facebook" hesabında yazıb.

“Dünya bazarında ABŞ dolları əsas valyutalara nisbətən möhkəmlənməkdə davam edir. Son 1 ayda dollar avroya nisbətən 4 %-ə yaxın dəyər qazanıb. Dünənki birjalarda dollar Avropa pulu daxil olmaqla əksər səbət valyutalarına nisbətən son bir ayın ən yüksək artımı ilə tamamlayıb. ABŞ dollarındakı artımlar Birləşmiş Ştatlar iqtisadiyyatı ilə bağlı pozitiv xəbərlər və proqnozlar ilə bağlı olmaqla yanaşı texnoloji şirkətlərin səhmlərinin dəyərinin yüksəlməsi, valyuta və qiymətli kağızlar bazarı vasitəsi ilə istehlak mallar indeksi göstəriricləri ilə əlaqələndirilir. Digər tərəfdən, ABŞ-da sürətli vaksinasiya da dolların məzənnəsinə təsir göstərir. 335 milyon dozanın bölüşdürüldüyü Birləşmiş Ştatlarda əhalinin yarıdan çoxu artıq vaksinasiya prosesindən keçib", - deyə V.Bayramlı bildirib.

Onun sözlərinə görə, dolların möhkəmlənməsi bir sıra starteji məhsullar bazarına da təsirsiz ötüşməyib. Son 1 ayda dünya bazarında qızılın qiyməti 2,8 % ucuzlaşıb.

"Dolların dünya bazarında möhkəmlənməsi fonunda region ölkələrinin bazarında ciddi volatillik müşahidə olunmasa da qonşu Rusiyada rubl son 1 ayda 3 %-ə yaxın dəyər itirib. Azərbaycanda üzən valyuta məzənnəsinə tam keçirilmədiyi üçün manatın məzənnəsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Ölkəyə daxil olan valyutada əsas paya malik olan neftin dünya bazar qiyməti məqbul səviyyədədir. Hazırda 1 barel Brent markalı neft dünya bazarında 76 ABŞ dollarından baha satılır. 2021-ci il dövlət büdcəsində neftin qiyməti hər barel üçün 40 ABŞ dolları nəzərdə tutulsa da qlobal vaksinasiya səbəbindən enerji bazarında tələbin artması müşahidə olundu. Bununla yanaşı, qlobal bazardakı volatilliyi nəzərə alaraq Mərkəzi Bankın Azərbaycanın valyuta bazarını mərhələli şəkildə liberallaşdırması məqsədəuyğundur. Qlobal bazarlarda yeni sıçrayışlar risklərini nəzərə aldıqda uzun müddətli dövr üçün liberal valyuta bazarı daha sığortalanmış hesab olunur”, - deputat qeyd edib.




Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri