Çin XİN: "Koronavirus kənardan gətirilib"

  


"Çin hökuməti COVID-19 virusunun Uhan şəhərinə laboratoriyadan sızıntı nəticəsində yox, dondurulmuş ərzaqda kənardan gətirilməsi ehtimalının geniş tədqiq olunmasının vacib olduğu qənaətindədir".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lician bildirib.

“Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatı və Baş direktor Tedros Adhanom Gebreyesus tərəfindən koronavirusun mənşəyinə dair tədqiqatların ikinci mərhələsinin hazırlanmasını öyrənib. Bu sənədin layihəsini araşdırırıq. Bu məsələyə dair mövqeyimiz dəyişməzdir, bütün tərəflər alimlərin rəyinə hörmət etməli və koronavirusun mənşəyi məsələsini siyasiləşdirməməlidir”, - o deyib.

XİN rəsmisi hesab edir ki, məhz dondurulmuş məhsullarla bağlı mülahizə tədqiqatın ikinci mərhələsində başlıca yer tutmalıdır.

Qeyd edək ki, ötən gün ÜST-in Baş direktoru Tedros Adhanom Gebreyesus SARS-Cov-2 virusunun mənşəyinə dair tədqiqatların ikinci mərhələsinə hazırlaşdıqlarını və bununla bağlı Çin hökumətindən şəffaf yanaşma gözlədiklərini bildirib. Təşkilat rəhbəri bu ilin fevral ayında Çinə göndərdikləri missiyanın müəyyən çətinliklərlə üzləşdiyini, o cümlədən pandemiyanın başlanğıcına dair məlumatlar ala bilmədiklərini dilə gətirib. Bu mənada koronavirusun Uhan Virusologiya İnstitutunun laboratoriyasında “fövqəladə hal” üzündən yayılmağa başlaması istisna edilməyib.
Şərhlər
Dünya bölməsinin xəbərləri