Tokio olimpiadasının məşəli alovlandırıldı




Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.

Live.az-ın məlumatına görə, Yaponiya Milli Stadionunda baş tutan tədbirdə 950 rəsmi şəxs iştirak edir.

Açılışda əvvəlcə müxtəlif kompazisiyalar icra edilib və atəşfəşanlıq olub. Daha sonra Yaponiya bayrağı arenaya gətirilib və dövlət himni səsləndirilib.

"İrəliyə hərəkət" adlanan açılış mərasimində koronavirus pandemiyası qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, həmçinin 2011-ci ildə Yaponiya tarixindəki ən dağıdıcı zəlzələdən sonra ölkənin yenidən bərpasını əks etdirən kompazisiya göstərilib.

Mərasim iştirakçıları meydanın mərkəzində ağacdan Olimpiya halqaları düzəldiblər və bütün bunlar fişənglərlə müşayiət olunub.

Ardınca 2 idmançı, 2 məşqçi və 2 hakimin iştirakı ilə andiçmə mərasimi gerçəkləşib.

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Baxın çıxışından sonra Yaponiya imperatoru Naruxito Oyunları açıq elan edib. Daha sonra isə Olimpiya himni səsləndirilib.

Yaponiyanın paytaxtı Tokioda təşkil olunan XXXII Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb.

Livr.az-ın məlumatına görə, məşəli ölkənin tanınmış tennisçisi Naomi Osaka yandırıb.

Bununla da olimpiadanın açılış mərasimi başa çatıb.

Şərhlər
İdman bölməsinin xəbərləri