“Otuz il ərzində ATƏT-in Minsk qrupu nəticə verməyib. Azərbaycan Silahlı Qüvvələrinin bu yaxınlarda əldə etdiyi qələbə, Ermənistanın işğalının sona çatması onun gələcək fəaliyyəti üçün heç bir məna qoymur. İndi bu, ölü strukturdur”.
Bu fikirlər ABŞ-ın “Foreign Policy” jurnalında dərc olunan və Minsk qrupunun Qarabağ münaqişəsinin həlli çərçivəsində 30 illik fəaliyyətinə həsr olunan məqalədə yer alıb.
Məqalədə deyilir ki, bu təşkilat bu illər ərzində qarşısına qoyulmuş vəzifələri həll edə bilməyib və sözün hərfi mənasında fiaskoya uğrayıb. Vurğulanıb ki, Ermənistan tərəfi hələ 2007-ci ilin noyabrında ATƏT-in Madrid konfransında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə təqdim olunan “Madrid prinsiplərin”dən imtina edib: “2020-ci ildə Ermənistan baş naziri Nikol Paşinyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın işğal olunmuş ərazilərdən qovulmuş Azərbaycan vətəndaşlarının iştirakı olmadan Azərbaycanla aparılan danışıqlarda tərəf kimi çıxış etməli olduğunu söyləməklə “Madrid prinsiplərin”dən birbaşa imtina etmiş oldu. Bu bəyanat açıq şəkildə yalnız Madrid təkliflərindən yox, həm də Minsk qrupunun fəaliyyətindən imtina edilməsi demək idi”.
Məqalədə Fransa və onun bu təşkilatın həmsədri kimi fəaliyyəti tənqid olunur: “Prezident Emmanuel Makron Fransanı Minsk qrupunun həmsədri kimi geri qayıdışı olmadan diskreditisaya etdi, nüfuzdan saldı. Çünki açıq bəyanatlarla Ermənistanın tərəfini tutdu və bununla da diplomatik bitərəfliyi pozdu. Makron hətta “Mən Ermənistana və ermənilərə səslənirəm: Fransa öz rolunu oynayacaq” deməkdən də çəkinmədi”.
Nəşr yazır ki, Minsk qrupunun sonrakı müzakirələrdə hansısa rol oynaması üçün nəinki yeni həmsədrlər, hətta danışıqlar aparılmasının yeni çevrəsi tələb olunacaq. “Ancaq hadisələr çox sürətlə inkişaf edir və etməyə də davam edəcək. ATƏT-in isə çətin çoxtərəfli diplomatiyası ilə onlara çatdırması çətin olacaq. Regionun özündə iqtisadi və siyasi əməkdaşlıq təklifləri, o cümlədən Türkiyənin “altılıq platforması” (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə) hadisə yerindən minlərlə kilometr uzaqlıqdakı ölkələrin təqdim etdiyi siyasi sxemlərdən daha həyati və dinamikdir”, - məqalədə deyilir.
Nəşr, eyni zamanda, ABŞ səfiri Riçard E.Hoqlandın sözlərindən sitat gətirib: “Biz beşulduzlu hotellərdə qaldıq, bizə nümayəndəlik mərtəbələrində nömrələr verirdilər, bununla da əlavə xərcə düşmədən özəl yeməkxanalara və tam təmin olunmuş barlara çıxış əldə edirdik. Həmişə şəhərlərdə ən yaxşı restoranları axtarırdıq. ATƏT bayrağını göstərdiyimiz və Bakı ilə İrəvana Minsk qrupunun varlığını xatırlatdığımız müddətdə yaxşı yaşayırdıq. Ancaq, düzü, çox az şey əldə edilib”.
Jurnal qeyd edir ki, münaqişəni birdəfəlik həll etməyin yeganə yolu Ermənistanla Azərbaycan arasında sülh müqaviləsidir, diplomatik təcrübədə müharibələr belə sona çatır. Vurğulanır ki, Azərbaycan əhalisi Ermənistan əhalisindən üç dəfə çoxdur, ümumi daxili məhsul baxımdan isə Azərbaycan qarşı tərəfi dörd dəfədən çox üstələyir.
“Azərbaycan “orta güc” kimi diplomatik muxtariyyət qurub, Ermənistanın isə dünya səhnəsində yalnız Rusiyadan asılı vəziyyətdə qalır”, - məqalədə bildirilib.
Report