“Mercedes-Benz” elektromobillərə keçid üçün startap alıb





“Daimler AG” qrupuna daxil olan Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz” bu onilliyin sonuna qədər yalnız elektrikli nəqliyyat vasitələrinə keçidlə bağlı planı çərçivəsində texnologiyasını gücləndirmək üçün Böyük Britaniyanın “Yasa” startapını satın alıb.

2009-cu ildə Oksford Universitetindən çıxan “Yasa” startapı idman avtomobilləri üçün yeni nəsil elektrik mühərrikləri istehsalı ilə məşğuldur. Onun müştəriləri arasında “Ferrari” və digər tanınmış brendlər var.

Tamamilə pul vəsaitləri ilə ödəniləcək müqavilənin şərtləri açıqlanmır. Lakin “Financial Times” qəzetinin yazdığına görə, 2019-cu ildəki son maliyyələşmədə “Yasa” 100 milyon funt sterlinq (təxminən 137 milyon ABŞ dolları) dəyərində qiymətləndirilib.

İki ildir “Mercedes” ilə əməkdaşlıq edən şirkət indi “Mercedes-AMG” xəttindəki bir sıra yeni elektrikli avtomobil modelləri üçün mühərriklər tədarük edəcək.

“Mercedes-AMG”nin rəhbəri Filip Şimerin sözlərinə görə, “Yasa” texnologiyası bu model xəttinə rəqiblərindən bir addım öndə olmağa kömək edəcək.

“Yasa”nın satın alınması “Daimler'”in iyulun 22-də təqdim etdiyi “Mercedes-Benz”in yenilənmiş inkişaf strategiyası çərçivəsində elan edilib.

Konsernin planına görə, 2025-ci ildən etibarən “Mercedes-Benz” avtomobillərinin bütün yeni modelləri yalnız elektrik mühərrikləri ilə işləyəcək və alıcılar köhnə modellərdən istənilən biri üçün belə alternativ seçə biləcəklər.

Bu hədəflərə çatmaq üçün şirkət 2022-2030-cu illərdə elektromobillərin hazırlanmasını sürətləndirmək üçün 40 milyard avrodan çox sərmayə qoymaq niyyətindədir.

“Dönüş nöqtəsi yaxınlaşır və bazarın bu onilliyin sonuna qədər yalnız elektrikli nəqliyyat vasitələrinə keçməsinə hazır olacağıq”, - “Daimler”in baş icraçı direktoru və “Mercedes-Benz”in rəhbəri Ola Kallenius deyib.


“Report”, “İnterfaks” 
Şərhlər
Avtomobil bölməsinin xəbərləri