Bakıda mövcud avtomobil yollarının iki dəfə genişləndirilməsi nəzərdə tutulur

Bakıda mövcud avtomobil yollarının iki dəfə genişləndirilməsi nəzərdə tutulur Bakı şəhərinin hər kvadrat kilometrinə təxminən 400 avtomobil düşür. Bu, dünyanın analoji şəhərləri ilə müqayisədə aşağı göstəricidir. Məsələn, Nyu-York şəhərində eyni sahəyə 3 200 avtomobil düşür.

Baş Dövlət Yol Polisində texniki məsləhətçisi, Texniki Universitetinin Avtomobil nəqliyyatı vasitələri kafedrasının müdiri Sülhəddin Gözəlov “APA-Economics”ə bunun səbəbini izah edərkən bildirib ki, hesablamalara görə, Bakıda nəqliyyatın stabil olaraq tıxacsız fəaliyyətini, yəni təqribən istismar sürəti 28-30 km/saata qədər hərəkəti təmin etmək üçün mövcud olan qədər - 2 500 km-dək yol tikilməlidir: “Buna alternativ olaraq isə müəyyən sahələr genişlənməlidir”.

S.Gözəlov bildirib ki, Bakı şəhərində küçə yol şəbəkəsinin ümumi uzunluğu 2 200 km-dir: “Paytaxt ərazisinin sahəsi 2,2 min kv. km, hər kv. km-ə düşən küçə yol şəbəkəsinin uzunluğu isə 1 km-dir. Bakı şəhərində nəqliyyat üçün nəzərdə tutulmuş ümumi ərazi sahəsi 8-9% təşkil edir. Lakin Avropanın analoji şəhərlərində bu göstərici 25-30%, Amerikada 45% təşkil edir”.

S.Gözəlov həmçinin bildirib ki, nəqliyyat sahəsində mövcud olan problemlərin aradan qaldırılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi Nəqliyyat Nazirliyi və Nazirlər Kabinetinə öz təkliflərini təqdim edib. Bu təkliflərdə şəhərin mərkəzində və şəhərə giriş nöqtələrində avtodayanacaqların tikilməsi də nəzərdə tutulub. Bu avtodayanacaqlara tətbiq ediləcək xərclər mütləq insanların marağı çərçivəsində həyata keçirilməlidir.

Bundan başqa, fərdi avtomobillərin şəhərə girişinə müəyyən məhdudiyyət qoyulması, yanacaq vergisinin tətbiq edilməsi və digər məsələlər öz əksini tapıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri