Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.
LIVE.az-ın məlumatına görə, buna 78 kq-dan yuxarı çəki dərəcəsindəki qadın cüdoçu İrina Kindzerska nail olub. 30 yaşlı idmançı çinli Şiyan Xunu ipponla məğlubiyyətə uğradaraq, bürünc medala yiyələnib.
Bu, həm də Tokio-2020-də Azərbaycanın cüdo növündə yeganə olimpiya medalı olub. Komandanın 9 üzvündən daha əvvəl ən yüksək nəticəni bayraqdar Rüstəm Orucov (73 kq) 5-ci yeri tutmaqla əldə edib.
Digər tərəfdən, Kindzerska Azərbaycana medal qazandıran ilk qadın cüdoçu olub. Müstəqillik dövründə əvvəlki medalları kişi cüdoçular əldə edib.
İrina Kindzerska: "Sübut etmək istəyirdim ki, Azərbaycanda qadın cüdosu mövcuddur"
"Çox xoşbəxtəm. Hisslərimi sözlə ifadə edə bilmirəm".
LIVE.az report-a istinadla verdiyi məlumata görə, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanan Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska deyib.
30 yaşlı idmançı olimpiya mükafatçısı olduğunu anladıqda onun üçün hər şeyin dəyişdiyini bildirib: "Bu gün maksimum hazırlıqlı idim və görüşlərimə maksimum köklənmişdim. Hamıya sübut etmək istəyirdim ki, Azərbaycanda qadın cüdosu mövcuddur, sadəcə, yalnız və yalnız işləmək lazımdır. Qazandığım medal digər qadın cüdoçulara da gələcək karyeralarında təkan ola bilər. Öz məşqçilərimə, Azərbaycan Cüdo Federasiyasına təşəkkürümü bildirirəm. Vitse-prezident Sadıq Sadıqova inanılmaz inam və dəstəyinə görə minnətdaram. Yaşlı idmançı olmağıma rəğmən, mənə inandılar. Ən böyük "çox sağ ol"u isə təbii ki, həyat yoldaşıma, ailəmə, valideynlərimə deyirəm. Onlar nəticəmdən asılı olmayaraq, mənimlə fəxr edirlər".
Kindzerska döyüşlərini də şərh edib: "İlk görüşdən mübarizə getdi. Görüşdən-görüşə medal qazana biləcəyim təsdiqlənirdi. Əlbəttə, yarımfinalda yaponiyalı Akira Soneyə uduzmağım məni məyus etdi. Bu görüşdən sonra toparlanmaq psixoloji cəhətdən ağır idi. Amma anladım ki, ikinci məğlubiyyət mənə medalı itirməyim bahasına başa gələ bilər. Sadəcə, buna imkan verməməliyəm".
Təcrübəli cüdoçu bu gün sevinc göz yaşlarının uzun müddət axacağını da vurğulayıb: "Azərbaycanın indiyədək medalı yox idi, bu, ilk medalımızdır. Çox fəxr edirəm ki. medal hesabını açdım. İnanıram ki, bundan sonra uşaqlar daha böyük səylə çalışaraq, medalların ardını gətirəcəklər".
Kindzerska olimpiadadan sonra fasilə götürəcəyini əlavə edib. O, müalicə və bərpaya ehtiyac duyduğunu söyləyib: "Ötən Avropa çempionatından sonra zədələrim var idi. Ona görə də bacardığımdan zəif nəticələr göstərirdim. Dizlərim mənim qazanc və çörəyimdir. Hazırda dizlərimdən başqa heç nəyi düşünmürəm. Avropa çempionatının medalı olimpiya medalı ilə müqayisədə heç nədir. Çox sevinirəm ki, orada uduzdum, burada isə bərpa olunaraq medal qazandım. Ötən il olimpiadanın bir il təxirə salındığı açıqlandı. Belə səviyyədə idmançı üçün daha bir il gözləmək çox ağırdır. Buna görə ağlamışdım. Gücümü bu anadək necə qoruyacağımı bilmirdim. Olimpiadanın baş tutacağına son anadək inanmırdım. Çünki hər dəfə təxirə salınacağı deyilirdi. Kiçik tarixin bir parçası olduğuma çox şadam".