Həyatı 16 yaşında qırılan bacıdan, 17 yaşında barmaqlıqlar arxasına gedən qardaşdan. Əslində bu, nəinki bir ailənin, bir nəslin, bu bütövlükdə Kiçik Xınıslının, Şamaxının deyil, bütün Azərbaycanın faciəsidir - 17 yaşlı qardaşın 16 yaşlı bacısını qəddarlıqla öldürməsi...
Əvvəllər ayrıca bir kənd olan Kiçik Xınıslı hazırda Şamaxı rayonuna birləşdirilib. Kiçik Xınıslıda onların evlərini tapmaq çətin olmadı. Evin önündə bir neçə nəfər dayanmışdı. Darvazadan isə qara və qırmızı rəngdə iki şal asılmışdı. Onlar evdən gedən insanın ölümündən və gəncliyindən xəbər verirdi... Mənə elə gəldi ki, şalın biri qardaş, digəri də bacıdır...
Yeniyetməni işə götürən onun haqqında polisə məlumat verməyib
Darvazanın önündə uşaqların atası Mahir İsgəndərov qohumları ilə bərabər dayanmışdı. Başı önə əyikdi... Ona yaxınlaşıb mətbuatda gedən xəbərə əsasən buraya gəldiyimizi dedik.
“Evimin birinci mərtəbəsi yoxdur. Yanaşı iki, ayrı-ayrı evlərdir. Biri böyük, digəri də kiçik. Evlərin arasında ən azı 10 metr məsafə var. Onlar bacı-qardaşdı, heç bir valideyn icazə verməz ki, bu iş olsun”, - deyir ata. Ailə Nərminənin itməsi xəbərini polisə məlumat verdikdən 9 gün sonra qızcığaz tapılıb. O, Bakıda "Memar Əcəmi" metrostansiyasının yaxınlığındakı “Arzu” şirniyyat evində işləyib. Bu müddət ərzində həmin şirniyyat sexində gecələyib. Şirniyyat sexinin sahibinə qızın evdən qaçmasını onun qonşusu deyib. Qonşu isə Nərminənin fotosunu televiziya ekranında görüb. Qızın axtarıldığını da sexin sahibəsinə qonşu deyib. Bundan sonra polisə zəng vurulub və qız tapılmış hesab olunub. 9 gün ərzində şirniyyat sexinin sahibi azyaşlının onun yanında olduğunu polisə bildirməyib.
"Qardaşı evdən bayıra çıxmağa utanırdı"
“Mən özüm qızı gətirməyə getmişəm. Onun haradan çıxdığını da özüm görmüşəm. Qadının bizdə telefon nömrəsi də var, ünvanı da. Biz bilirik qızımızı haradan və necə götürmüşük. Onun “spravka”sı da var”, - söylədi M.İsgəndərov.
Uşaqların bir-biri ilə yola getdiyini dedilər bizə: “Oğlum onu şalvar geyməyə qoymurdu. Qardaşdı də. Qısa, yaxası açıq paltarlar geyməyə də qoymazdı. Mən imkan verməzdim ki, onu döysün. Deyirdim, anası da yanında deyil, qəlbi sınıqdır, qızla işin olmasın. Qızın evdən heç kimə nə isə deməyib getməsi oğluma pis təsir etmişdi. Onu həzm eləyə bilmirdi. Əsəbi uşaq idi”.
Toplaşanlar ailənin qohumu olduğunu, qız tapıldıqdan sonra onunla görüşüb sonra evlərinə getdiklərini deyirdilər: “Bilsəydik belə olacaq, onu aparıb öz evimizdə saxlayardıq. Qoymazdıq evdə qalsın. Oğlan da qız getdikdən sonra evdən çölə çıxmadı, özünə qapanıb qalmışdı. Heç siqaret almağa da getmirdi. Çölə çıxmağa utanırdı. Rayon yerində də bu məsələyə çox pis baxırlar. O da gənc uşaqdır, oğlan uşağıdır”.
"Güman etməzdim ki, belə olar”
Polis Əmrahdan izahat da alıb. İzahatda bacısına təzyiq etməyəcəyini yazıb. Ancaq qızın evə dönüşündən 2 saat sonra bacısını öldürüb. Qızı müayinə etdirib qayıtdıqdan sonra. Onun evdən hansısa niyyətlə qaçmadığına əmin olmaq üçün. Hətta qətldən əvvəl qardaş bacısı ilə zarafat da edib ki, “20 manat vermişdim sənə. Xərcləmisənsə, halal xoşun olsun”. Həmin 20 manat Nərminənin döşəyinin altından tapılıb. Belə çıxır ki, qız evdən gedəndə qardaşının pulunu götürməyib.
M.İsgəndərov hadisənin təfərrüatlarını xatırladıqca söhbətə qoşulur: “Həmin gün - qızım evə qayıdan gün oğlum mənə dedi ki, “ata, şəhərdə restoran var. Bibimoğlanları orada işləyirlər. Hansısa işdən çıxacaq. Sənin xərcin çox çıxıb - qızı axtaranda. Mən başlayaram orada işləməyə, sənə də kömək olar”. Bu sözlər məni çox sevindirdi. Güman etməzdim ki, belə olar”.
"Uşaq evə salamat gəlib, əlimizdə kağız da var"
Qohumlardan biri qızın polisə qardaşının onu incitdiyini deməsinin Əmrahın acığına gəldiyini söyləsə də, digəri həmin gün Nərminənin evə şalvarda qayıtmasının qardaşına xoş gəlmədiyini bildirdi: “Qız evə şalvarda gəlib. Bizdə elə şey yoxdur ki, o yaşda qız, gəlin şalvar geyinsin. O uşağa da bu, pis təsir edib. Hərənin, hər ailənin də bir xasiyyəti var də. Biz istəmirik bizim qızımız müəyyən yaşdan sonra şalvar geyinsin. Onun kiməsə dəxli var?”...
Digər qohum isə “o, şalvara görə deyil. Sadəcə Şamaxı rayonunda hamı bir-birini tanıyır. Uşaq evə salamat gəlib, əlimizdə kağız da var. Amma camaatın ağzını yığmaq olmur. Oğlan da bunu bilirdi. Bizdə belədir də... Uşağın da elə vaxtıdır ki, onunla psixoloqun danışmağı lazım idi”, - dedi.
Qardaş-bacı məktəb üzü görməyibmiş
Uşaqların heç biri orta təhsil almayıb. “Əmrah 3 il burada kənd məktəbində oxuyub. Sonra idmanla məşğul olub. Ağır atletika ilə. Qız heç məktəbə getməyib. Fermada olmuşuq. O da orada olub, bizim yanımızda. İndi fermada da sovetin vaxtındakı kimi məktəb yoxdu. Məktəbin yerində qarpız əkirlər. Mən də uşağımı kimin qapısında qoyum? Biz bura yığışanda qızın artıq 13 yaşı vardı. Onu məktəbə qoymaq istəyəndə getmədi, birinci sinfə gedəcək uşaqların ondan çox balaca olmasından utandı. Oğlum da heç yazı yaza bilmir. Elə yaxşı oxuyan uşaq da olmayıb. Heç danışıq qabiliyyəti də yox idi”. Şəhərin mərkəzində olan kəndin nə yolu, nə də məktəbi var.
Kəndin məktəbi 4-cü sinifə qədərdir. 4-cü sinifdən sonra isə şəhərin mərkəzində 3 saylı məktəb var. Qış aylarında isə uşaqların şəhərin mərkəzinə dərsə getməsi mümkünsüz olur: “Yollar da çox pis vəziyyətdədir. Bu gördüyünüz daşı-çınqılı da yola qonum-qonşu pul yığıb tökdürüb. Uşaq asfalt yola çıxana qədər uzunboğaz geyir. Yola çıxdıqdan sonra isə onu dəyişib ayaqqabıya keçir. Mağarı quranda da çınqıl alıb tökmüşük. Yolların kənarlarını kanalizasiya çəkənlər qazıb eləcə də qoymuşdu. Elə mərkəzdən bu tərəfə baxsanız, yolun kənarlarında işıq dirəkləri də görməzsiniz. Elə bil kənarlarda yaşayan adam deyil”.
İdmançı gəncin önünü rüşvət kəsib
13 yaşından Kiçik Xınıslı kəndindəki evdə yaşayıb Nərminə. İlk dəfə televizoru da o yaşda görüb. Qardaşı Əmrah ağır atletika ilə professional şəkildə məşğul olub. Nəticələri var. Respublika birinciliyində 2-ci yeri tutub. Ölkədəki yarışlarda iştirak edib. Ancaq idmanla məşğul ola bilməyib. Ondan pul istəyiblər, ailə isə bu pulu vermək imkanında olmayıb. Kəndin sosial problemləri ailədən də yan keçməyib. Kənddə su olmadığından suyu pul ilə alırlar. Alınan su da qab-qaşıq, paltar yumaq üçündü. 2 tonuna 10-12 manat verdiyini deyir M.İsgəndərov. İçməli suyu isə kəndin bulağından götürürlər. Nərminənin evdən çıxıb gedəcəyi yerlərdən biri bulaq, bağça, digəri isə hər hansı qonşuya diləyə getmək olub. Bulağa, bağçaya gedəndə də qardaşından icazə alıb. Uşaqlar kiçik ikən ata-anaları ayrılıblar. Bacı-qardaş ataları ilə yaşayıb. Evdən qaçmazdan əvvəl Nərminə və Əmrah bir müddət analarının yanında qalıblar. Anasının yanından qayıtdıqdan bir neçə gün sonra qız evdən qaçıb.
"Ayaqlarım tutuldu, pilləkənləri qalxmağa gücüm çatmadı…"
"Əmrah namaz qılırdı. İdmanda müəllimlərindən biri ona namazı öyrətmişdi. Əmrah kobud uşaq idi. Nə deyim, kənd uşağıdır. Qız da oruc tuturdu. Səhər-səhər yerindən qalxıb bir stəkan çay içib, məndən sonra evdən çıxıb", - deyir atası.
Evdən təkbaşına çıxmayan Nərminənin Bakıya necə gəlməsi də müəmma olaraq qalır. Nərminə Bakıya avtovağzaldan yox, dördyol deyilən ərazidən, Bakıya sərnişin aparan taksi ilə gedib. Bunu həmin ərazidə yerləşən videokameralar qeydə alıb. Bakıya, 20 Yanvara gələn qız sonra da "Memar Əcəmi" stansiyasına birbaşa şirniyyatçı sexinə gedib. Qonşular da Nərminənin ağır təbiətli qız olduğunu, evlərindən çox az hallarda çıxdığını deyirlər.
"Qapı dəmir, pəncərələr də plastikdir. Çölə səs çıxmır. Əmrah da arxadan stəkanı qızın başına vurub. Bu zərbədən sonra Nərminə özündən gedib... Mən qızımı görə bilmədim. Ayaqlarım tutuldu, pilləkənləri qalxmağa gücüm çatmadı..." - deyir M.İsgəndərov.
Heç bir hərəkəti ilə özündən şübhə yaratmayan Əmrah Nərminə ilə tək qalıb və bu vəziyyətdən istifadə edərək bacısını öldürüb. 17 yaşlı bir uşağın bu qətli planlamasına atası da təəccüb edir.
Yeniyetmənin işlədiyi şirniyyat sexinin müdiri "Bizim Yol"a nələr dedi?
Şirniyyat sexinin sahibi Aygün xanımla əlaqə saxladıq. Aygün xanım (soyadını demədi) Nərminənin onun yanında 9 yox, 2 gün qaldığını söylədi: "Onun üstündə heç bir sənəd yox idi. Bizə də heç kimi olmadığını, sənədlərinin dayısıgildə qaldığını, onların da onu incitdiyini demişdi. Bizə də sorğu çatdıqdan sonra ANS-in qaynar xəttinə zəng vurduq, təhvil verdik atasına. Onu qaytaranda da qaçmaq istəyirdi, getmək istəmirdi. Ölümü haqda da televizordan eşitdik. O, bizə ayın 23-dən evdən çıxdığını, mənə də qonşularının sexdə iş olduğunu ona xəbər verdiyini demişdi".
Aygün xanım Nərminənin onun yanına gələndə ayağında çəhrayı rəngdə tərlik, əynində ağ kofta və qara rəngdə şalvar olduğunu söylədi: "Mən ona yaxşılıq edib, evimizdə saxlamışam. İstintaqa da məni çağırmayıblar, çağırsalar da, gedən deyiləm. Mənlik onda bir iş yoxdur. Mən qızı ailəsinə təhvil vermişəm".
Polis günahkardırmı?
Şamaxı Rayon Prokurorluğundan Toğrul Qəribovla əlaqə saxladıq. T.Qəribov ailədə konflikt olduğunu polisin bilmədiyini dedi: "Ailə bizə konflikt olmasıyla bağlı müraciət etməyib. Qızlarının evdən getdiyini deyiblər. Polislər də onu şirniyyat sexindən tapıblar. Qızı azyaşlı olduğuna görə ailəsinə təhvil veriblər. Digər məsələlər də istintaq sirridir. Polislərin bu işdə məsuliyyətinin olub-olmaması istintaqın sonunda məlumat veriləcək".
Həmin günü isə ata belə xatırlayır: “Qızı evə polislər gətirdikdən sonra qohum-əqrabadan da bizdə olanı vardı. Oğlum da dedi ki, Nərminəni də çağırın çörək yesin. Mən də ata kimi sevindim ki, nə yaxşı, oğlum bacısına qarşı pis olmadı. Oturduq çörək yedik. Bacılarım, yeznəm də bizdə idilər. Orada nə isə olsa idi, mən qoymazdım... Mənim həyatım sönüb, iki uşağım birdən gedib...
Bizimyol.info