Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilib
- 03.08.2021, 13:18,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.
Bu barədə parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib.
Deputatlardan 98 nəfər məsələnin lehinə səs verib. Bir nəfər bitərəf qalıb, bir nəfər isə səsvermədə iştirak etməyib. Təklifin əleyhinə səs verən olmayıb.
İclasda Baş prokuror Kamran Əliyev və prokurorluğun əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, Konstitusiyanın 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Baş prokurorun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisin deputatı mandatından məhrum edilir.
Məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması müzakirə oluna bilməz. İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Baş prokurorun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və bu məqsədlə Baş prokurora suallar verə bilər, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər.
Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.
Xatırladaq ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.
Report