Komadan çıxan rusiyalı müğənni MakSim avqustun 9-da adi palataya köçürülüb.
LIVE.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə o, instaqram hesabında yazıb.
MakSim sosial şəbəkədəki paylaşımına “Mən yenidən sizinləyəm!” sözləri ilə başlayıb. Müğənni bu müddət ərzində onun üçün narahat olanlara böyük dəstəklərinə görə təşəkkürünü bildirib: “Bu, həqiqətən çox xoşdur və mənim üçün çox şey deməkdir.”
MakSim onu həyata qaytaran tibb işçilərinə də minnətdarlıq edib:
“52 nömrəli xəstəxananın həkimlərinə və bütün personalına təşəkkürümü bildirmək istəyirəm. Onlar əsl peşəkarlardı, məni xilas etdilər. Maryana Anatolyevna, Yelena Nikolayevna, Denis Petroviç və Zinaida Yuryevna, çox sağ olun! (İnsanların –red.) mənim üçün narahat olmaları, barəmdə düşünmələri və dua etmələri mənə çox kömək etdi, bu, məni “o dünya”dan geri qaytardı.”
Müğənni bildirib ki, onu reanimasiyadan adi palataya köçürürlər və onun nəhayət ki, hər kəsə şəxsən minnətdarlıq etməyə imkanı var:
“Həkimlər məndən neçə gün komada qaldığımı soruşduqda, mən 2 gün cavab verdim. Bir aydan çox vaxtın keçdiyinə inana bilmirdim.”
MakSim qeyd edib ki, əvvəlki kimi çox zəifdir və gəzməyə cəhd edəndə güclü başgicələnmələri olur:
“Amma mən ümid edirəm ki, ailəmi qucaqlamaq üçün tezliklə evdə olacağam. Həkimin göstərişlərinə əsasən, uçuşlar və çıxışlar bir müddət qadağandır. Ağciyərlər hələ bərpa olunur, onlara güc vermək olmaz. Amma mən Yerdə yaşamağa davam etdiyimə və çətin də olsa, nəfəs aldığıma görə sizin hamınıza, həkimlərə və Allah-Təalaya minnətdaram.”
Qeyd edək ki, MakSim komadan çıxdıqdan sonra ilk instaqram paylaşımında qızları ilə bərabər yer aldığı arxiv fotodan istifadə edib.
Xatırladaq ki, ifaçı iyunun ortalarında süni nəfəs aparatına qoşulmuşdu, onun koronavirus testinin nəticəsi neqativ çıxmışdı. Bir neçə həftə süni komada ağır vəziyyətdə qalan MakSim avqustun 3-də özünə gəlməyə və yaxşılaşmağa başlamış, avqustun 7-də isə tamamilə özünə gəlmişdi.