Hande Harmancı: “Azərbaycanda gündəlik yeni yoluxma halları 10 dəfə artıb”


“Epidemioloji vəziyyətlə əlaqədar bir az rahatlanmalar başladığı və məhdudiyyətlərin yumşaldılması zaman COVID-19-a yoluxma hallarının artacağını təxmin edirdik. Bu, bütün dünyada belə oldu”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

Onun sözlərinə görə, ÜST bunun data bazasını toplayır: “Məlumdur ki, nə qədər çox sərt tədbir alınırsa, yoluxma sayı bir o qədər azalır. Nə qədər çox yumşalmalar olarsa, yoluxma sayları bir o qədər artır. Bu, pandemiyanın bitmədiyi anlamına gəlir. Lakin hər zaman eyni təzyiqi göstərərək insanlarla davranmaq olmaz. Bu işin iqtisadi, sosial, psixoloji və s. tərəfləri də var. Hökumətlər, o cümlədən Azərbaycan hökuməti ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq bəzi məhdudiyyətləri yumşaltmaq qərarına gəldilər. Bu, bir az özümüzə gəlməmiz üçün önəmli bir fürsətdir”.

ÜST rəsmisi qeyd edib ki, təxminən son bir ayda yoluxma saylarında sürətli şəkildə artım müşahidə olunur: “Bu müddətdə COVID-19-a gündəlik yeni yoluxma halları 10 dəfə artıb. Yoluxma halları hətta ikirəqəmli ədədlərlə ifadə olunurdu, hazırda isə 1000-dən çoxdur. Azərbaycanda hər gün təxminən 10 min civarında diaqnostik test icra olunur. Aparılan testlər arasında pozitiv nəticələrin payı 2 faizdən 13 faizə qədər artıb. Bu, o deməkdir ki, əhali arasında koronavirusla xəstələnənlərin sayı artır”.

“Laboratoriyalarda aparılan testlərdə ölkədə koronavirusun “delta” variantının olması təsdiqini tapıb. Yoluxma sayları da artır. Hər iki vəziyyət bizə deyir ki, bu iş bitmədi. Əgər tədbir görməzsək, sentyabrdan başlayaraq yenidən gündəlik yüksək rəqəmlərin şahidi ola bilərik. Onu da qeyd edim ki, havanın temperaturunun koronavirusun yayılmasına heç bir təsiri yoxdur. Lakin payız mövsümündə hava soyuduqca vətəndaşlar qapalı məkanlara üz tutacaq, qapı-pəncərələr bağlanacaq və hava dövriyyəsi azalacaq. Bütün bunların yoluxma hallarının artımına səbəb olduğu məlumdur”, - deyə H.Harmancı əlavə edib.



Report
Şərhlər
Sosial bölməsinin xəbərləri