"Neftçi" avrokuboklarda mübarizəni dayandırıb
- 27.08.2021, 01:23,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Neftçi” UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.
"Ağ-qaralar” İsraildə Hayfa “Makkabi”si ilə üz-üzə gəlib. Bakıdakı ilk matçda 3:3 hesablı heç-heçə edən flaqman səfərdə rəqibinə böyük hesabla uduzub – 0:4.
“Ağ-qaralar” görüşə ciddi itkilərlə çıxıblar. Komandanın heyətində Yusuf Laval, Mamadu Mboc və İsmayıl Zülfüqarlı cəzalı olduqları üçün oynamayıblar. “Sammi Ofer” stadionunda təqribən 20 min azarkeşin izlədiyi görüş meydan sahiblərinin kəsərli hücumları ilə başlayıb. Artıq ilk dəqiqədə Hayfa təmsilçisi qol vurmağa yaxın olsa da, “Neftçi”nin qapıçısı Aqil Məmmədov gözəl seyvlə rəqibin sevinməsinə imkan verməyib. Bakı klubu “Makkabi”nin qapısı qarşısında ilk təhlükəli vəziyyəti 14-cü dəqiqədə yaradıb. Yaxşı təşkil olunmuş hücumun yekununda Emin Mahmudovun ötürməsinə Sabir Buqrin çata bilməyib. Cəmi 1 dəqiqə sonra “ağ-qaralar”ın qolkiperi növbəti dəfə komandasını real qoldan xilas edib. Lakin 20-ci dəqiqədə hesabın açılmasına Məmmədov da mane ola bilməyib. San Manaçem görüşdəki ilk qolun müəllifi olub. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə “Neftçi” növbəti topu buraxıb. Meydan sahiblərinin heyətində Ömər Atzili fərqlənib. “Neftçi” fasiləyə 0:2 hesablı məğlubiyyətlə yollanıb.
İkinci hissədə də təzyiqi davam etdirən Hayfa klubu 52-ci dəqiqədə penalti vurmaq hüququ qazanıb. Aqil Məmmədov Dolev Hazizanın vurduğu topu tutsa da, referi penalti zərbəsinin təkrarlanmasını istəyib. Haziza bu dəfə hədəfdən yayınmayıb – 3:0. Az sonra “Neftçi”nin baş məşqçisi Samir Abasovla yerli azarkeşlər arasında insident baş verib. Bu səbəbdən baş hakim 43 yaşlı mütəxəssisə sarı vərəqə göstərib. "Ağ-qaralar"ın ehtiyat oyunçular skamyasında əyləşənlər isə azarkeşlərlə bağlı UEFA nümayəndəsinə şikayət ediblər. “Makkabi”nin təhlükəli hücumlarını dəf etməkdə çətinlik çəkən “Neftçi” 69-cu dəqiqədə 4-cü topu qapısında görüb. Məhəmməd Abu Fani baxımlı qolla qonaqları məyus edib. Flaqman oyun ərzindəki ən real qol vəziyyətini 87-ci dəqiqədə yaxalayıb. Amma Sezar Meza Kolli üzbəüz epizodda topu qapıdan keçirə bilməyib. Beləliklə, səfərdə 0:4 hesabı ilə uduzan “Neftçi” avrokuboklarla vidalaşıb.
Report