Son zamanlar gənclər arasında koronavirusa yoluxma niyə artır? - Səbəblər açıqlandı



COVİD-19-un Delta ştammının geniş yayılması son zamanlar gənclər arasında virusa yoluxmanın artmasında rol oynayır. Delta ştammı bədənə daxil olduqan sonra sürətlə inkişaf edərək, hüceyrələrə daxil olur və çoxalaraq xəstəliyin ağır şəkildə davam etməsinə gətirib çıxarır.

LIVE.az-ın məlumatına görə, bunu Trend-ə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, COVİD-19-un gənclər arasında geniş yayılmasının başlıca səbəblərindən biri bu qrupdan olan insanların vaksinasiya olunmamasıdır: "Əgər vaksinasiya olunsaydılar, xəstəlik bu şəkildə yayıla bilməzdi".

Professor həmçinin bildirib ki, gənclər arasında xəstəliyin yayılmasının başqa bir səbəbi də, onların klinik olaraq xəstəliyi daha yüngül şəkildə keçirmələridir. Belə ki həmin şəxslər özlərini xəstə hiss etmirlər və həkimə müraciət etməkdən imtina edirlər:

"Bu halda koronavirusa yoluxma riski daha da yüksəlir".

Qeyd edək ki, rəsmi məlumata görə, Azərbaycanda koronavirusa yoluxanların 15 faizini yaşı 20-29 arasında olanlar, 22 faizini isə 30-39 yaşlı insanlar təşkil edir.
Şərhlər
Sosial bölməsinin xəbərləri