Bakıda sərnişin avtobuslarında gediş haqqı artırılmayacaq
- 27.04.2013, 19:15,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Trend-in Şuranın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinə baxılıb, ekspertiza xidmətlərinin tariflərinə dair Tarif (qiymət) Şurasının müvafiq qərarına dəyişikliklər edilib.
Belə ki, Bakı şəhərində marşrutların sayının 316-dan 217-dək azaldıldığı, bəzi marşrutlar üzrə məsafənin dəyişdirildiyi və yeni marşrutların açıldığı nəzərə alınaraq, avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin tariflərinin yeni marşrutlara uyğunlaşdırılmasına dair qərar qəbul edilib.
Yeni qərarda tarif dəyişikliyi nəzərdə tutulmayıb. Belə ki, şəhərdaxili marşrutlarda sərnişindaşıma tarifləri hazırda olduğu kimi 20 qəpik səviyyəsində saxlanılıb, şəhərətrafı və qəsəbələrarası marşrutların yeni nömrələri məsafələr üzrə mövcud tariflərə uyğun olaraq qruplaşdırılıb.
Tarif (qiymət) Şurasının qərarı ilə şəhərətrafı marşrutlarda şəhərdaxili, qəsəbədaxili və ya qəsəbələrarası hərəkət edən sərnişinlər üçün tarif 20 qəpik səviyyəsində müəyyən edilib. Qərara əsasən, sərnişindaşıma tarifi, marşrutun sxemi və marşrutda dövrün uzunluğu barədə məlumatlar avtobuslarda və dayanacaqlarda sərnişinlərin aydın görə biləcəyi formada yerləşdirilməlidir.
İclasda "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Bürosu tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli qərarına dəyişikliklər edilib. Belə ki, ixrac olunan xam neftin mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi ilə bağlı göstərilən xidmətlərin dəyəri ixrac olunan məhsulun həcminə görə deyil, hər bir sertifikat üzrə sabit qiymət müəyyənləşdirilib.
Yeni tariflər 1 may 2013-cü il tarixindən qüvvəyə minəcək.
Şuranın iclasında "Azərsu" ASC-nin su təchizatı və tullantı sularının axıdılması xidməti üzrə 31 yanvar 2011-ci il tarixində aparılmış tarif dəyişikliyinin Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinə təsiri barədə hesabatı dinlənilib.