BBC Azərbaycanın nəqliyyat infrastrukturu barədə məqalə dərc edib.
"Yeni İpək Yolu: niyə inkişaf etmiş nəqliyyat infrastrukturu Azərbaycanın gələcəyinin açarıdır" adlı məqalədə ölkənin nəqliyyat infrastrukturu, onun həm regional, həm də beynəlxalq əhəmiyyətinə toxunulub.
"Tarix boyu bu gün Azərbaycan kimi tanınan ölkə Orta Asiyanı Qərblə birləşdirən qədim ticarət yolları şəbəkəsi olan İpək Yolunun üzərində əsas nöqtə idi. Bu gün 21-ci əsrin texnologiyaları nəqliyyat, logistika və yük daşımalarının mənzərəsini tanınmaz dərəcədə dəyişib. Ancaq Azərbaycan yenə də regionda nəqliyyat infrastrukturunun ön sıralarında yer alır və ölkənin ixrac potensialını daha da möhkəmləndirmək üçün böyük layihələrə sərmayə qoyur", - deyə məqalədə qeyd olunub.
Bildirilir ki, Bakı 2000-ci ildən bəri Avropa İttifaqı ilə Şərqi Avropa, Qafqaz və Orta Asiya bölgəsinin 12 üzv ölkəsi arasında iqtisadi, ticarət və nəqliyyat əlaqələrini gücləndirmək üçün ICG TRACECA (Nəqliyyat Dəhlizi Avropa-Qafqaz-Asiya) Beynəlxalq Hökumətlərarası Komissiyasının Daimi Katibliyinə ev sahibliyi edir.
Məqalədə qeyd olunur ki, Azərbaycan son illərdə nəqliyyat infrastrukturunun bütün elementlərini gücləndirmək üçün böyük sərmayələr qoyub. Ölkə son bir neçə ildə 50-dən çox böyük yol tikintisi və yenidənqurma layihəsini tamamlayıb. Azərbaycanın kəndlərini, qəsəbələrini və şəhərlərini birləşdirən minlərlə kilometrlik yollar çəkilib və ya təmir edilib. Ölkədə 300-dən çox körpü təmir edilib və ya inşa olunub. Bu ölkəni Gürcüstan, Rusiya və İranla birləşdirən bütün əsas transsərhəd yollarını yenilənib.
Su yolu ilə nəqliyyatda da Azərbaycan paytaxtının mühüm rol oynadığının qeyd olunduğu məqalədə Bakı Limanının tarixi əhəmiyyətinə toxunulub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və bərə terminalı barədə limanın yük daşıma qabiliyyəti barədə məlumat verilib.
Məqalədə Azərbaycanın dəmir yolu sisteminə də toxunulub: "Azərbaycana ilk dəfə 1878-ci ildə qurulan dəmir yolu sistemi Cənubi Qafqaz regionunda ən böyük və ən işlək sistemdir, uzunluğu 2900 km-dən çoxdur. Son illər Azərbaycan daxili və beynəlxalq dəmir yolu infrastrukturuna böyük sərmayə qoyub.
Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstan, Azərbaycan və Türkiyəni Çindən enerji və yük daşımaları üçün birləşdirir. Yeni xətt Çin və Avropa arasında malların daşınması üçün təxminən 7500 km məsafəyə qənaət edərək, yükləmə müddətini əhəmiyyətli dərəcədə həmçinin, yanacaq istehlakını və hər səfərin ətraf mühitə təsirini azaldır”.
BBC-nin məqaləsində Azərbaycanın hava nəqliyyatı barədə də ətraflı məlumat verilib. Ölkənin hava limanları, fəaliyyət göstərən hava yolu şirkətləri barədə oxuculara məlumat çatdırılır.
"Ölkənin son illərdə nəqliyyat infrastrukturuna böyük sərmayə qoyması, istər quru, istər dəniz, istər dəmir, istərsə də hava yolu ilə Azərbaycanın yaxşı əlaqələnmiş və biznes üçün açıq olduğunu göstərir", - deyə məqalədə vurğulanır.
LIVE.az, APA