Paşinyan Azərbaycanın Ermənistanı diplomatik müstəvidə də dalana dirədiyini etiraf edib



“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi hələ 2020-ci ilin payızında döyüş əməliyyatları başlayana qədər dalana dirənmişdi”.

 Ermənistan Nazirlər Kabinetinin məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vilnüsdə erməni icması ilə görüşdə deyib.
 
“Proses o yerə çatmışdı ki, erməni tərəfi Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu qaytarmalı, Qarabağ isə heç bir, o cümlədən aralıq statusa belə malik olmamalı idi.

Qarabağ məsələsinin arxitekturası 1998-1999-cu ildə başa çatmışdı. İlk növbədə, Qarabağ danışıqlar prosesindən çıxmış, bununla da, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş yeganə statusundan məhrum olmuşdu”, - deyə o bildirib.

Paşinyanın sözlərinə görə, bu, Ermənistanın təşəbbüsü ilə (həmin vaxt Ermənistanın prezidenti Robert Koçaryan idi – red.) olmuşdu: “Bunu təkcə mən demirəm, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bəyan edib. İkincisi, Ermənistan 1999-cu ildə İstanbul xartiyasına səs verib. Bu xartiya isə milli azlıqların siyasi, etnik və mədəni hüquqlarının ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutur”.

O, bir vaxtlar Qarabağ üzrə aparılan danışıqlar prosesinin “feyk” olduğunu vurğulayıb.

“Müharibə niyə əvvəl yox, 2020-ci ildə başladı? Biz yada salmalıyıq ki, 2016-cı ildə bu zəng artıq çalınmışdı. Hələ 2016-cı ilin yanvarında Minsk qrupunun həmsədrləri Ermənistandan tələb edirdi ki, Dağlıq Qarabağa aralıq status verilməsi tələbindən əl çəksin. Ermənistan təbii ki, bununla razılaşmadı və 2016-cı ilin aprelində döyüş əməliyyatları baş verdi”.

N. Paşinyan qeyd edib ki, döyüş əməliyyatlarının qarşısını yalnız Dağlıq Qarabağ ətrafındakı rayonları heç bir ön şərt irəli sürmədən qaytarmaqla almaq olardı.

N. Paşinyanın dediklərindən məlum olur ki, Azərbaycan bu illər ərzində prinsipiallıq nümayiş etdirərək, Ermənistanı həm də danışıqlar prosesində, diplomatik müstəvidə məğlubiyyətə uğradıb.


APA
Şərhlər
Siyasət bölməsinin xəbərləri