XİN başçısı: “Gürcüstan üçün “3+3” formatında iştirak çətin olacaq”



“Gürcüstan üçün Rusiya ilə birgə “3+3” formatında iştirak etmək çətin olacaq, lakin buna baxmayaraq, ölkə iri geosiyasi layihələrdə hansısa formada təmsil olunmalıdır”.

Bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Birinci kanalın efirində yayımlanan “Günün mövzusu” proqramında deyib.

Onun sözlərinə görə, Gürcüstan regionda inkişaf edən proseslərdən geri qalmamalıdır: “Biz bütün yeni, hətta infrastruktur layihələrdə də iştirak etməliyik. Əks halda onlar Gürcüstandan yan keçə bilər və bununla da ölkə rol və funksiyasını itirə bilər. Buna görə də dəqiq mövqeyə malik olmaq çox vacibdir ki, ölkəmizin maraqları zərər görməsin”.

D.Zalkaliani qeyd edib ki, Gürcüstanın suverenliyi və ərazi bütövlüyü “qırmızı xəttdir”: “Böyük geosiyasi layihələrdə və münasibətlərdə təmsilçiliyimiz sözsüz ki, dövlət maraqları və hər hansı güzəşt hesabına olmamalıdır”.

Nazir həmçinin bildirib ki, Gürcüstan artıq bölgədə önəmli rol və funksiya yerinə yetirir: “Baş nazir İrakli Qaribaşvilinin təşəbbüsü və vasitəçiliyi, Azərbaycan və Ermənistan liderləri ilə fəal kommunikasiya sayəsində Gürcüstan regional əməkdaşlıq planında ilk addımlar ata bilib. Bu istiqamətdə növbəti addımlar atılmalıdır və biz bununla bağlı nəinki Cənubi Qafqazdakı qonşularımız, həmçinin avropalı və amerikalı tərəfdaşlarımızla da fəal təmas qurmağa davam edəcəyik”.


Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri