Azərbaycan, Türkiyə və Gürcüstan gömrük sahəsinə dair birgə komitə yaradıb




Dövlət Gömrük Komitəsi Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri arasında gömrük məsələləri üzrə üçtərəfli görüşlə bağlı məlumat yayıb.

Komitədən mediaya bildirilib ki, görüşdə məqsəd ticarətin asanlaşdırılması, tranzit potensialının artırılması və regional iqtisadi inteqrasiyaya yardım edilməsi və bu istiqamətdə müzakirələrin aparılması olub.

"Türkiyənin ticarət nazirinin müavini, Gömrük Administrasiyasının rəhbəri Rıza Tuna Turaqay gömrük sərhədlərinin mühafizəsində və ticarətin asanlaşdırılması yolu ilə iqtisadi artıma yardım edilməsində gömrük xidmətlərinin rolunun önəminə toxunaraq, görüşün bu və digər sahələrdə üçtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirib.

S.Mehdiyev isə bildirib ki, Türkiyə, Gürcüstan və Azərbaycan dost və tərəfdaş ölkələr kimi uğurlu inkişaf yolu ilə sürətlə irəliləyir və bu görüş tərəflər arasında əməkdaşlığın bundan sonra da davamlı olacağına əminlik yaradır. O, Azərbaycanın istər Türkiyə, istərsə də Gürcüstanla bütün sahələrdə, o cümlədən gömrük sferasında əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb, yaxın perspektivdə üçtərəfli əməkdaşlığın bu ölkələrin gömrük xidmətləri arasında əlaqələri daha da gücləndirəcəyinə əminliyini ifadə edib.08:10:2021, saat 17:03

Gürcüstan Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin Baş direktoru Levan Kakava Türkiyə-Azərbaycan-Gürcüstan əlaqələrinin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini, bütün sahələrdə səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu və tərəflərin gömrük orqanlarının da bu əməkdaşlığa töhfə verdiyini diqqətə çatdırıb.

Sonra görüşdə gömrük əməkdaşlığına dair bəzi məsələlər, o cümlədən gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti sahəsində, sərhəd-keçid məntəqələrində əməkdaşlığın gücləndirilməsi, BYD prosedurlarının rəqəmsallaşdırılması, Türkiyə-Naxçıvan-Azərbaycan-Gürcüstan dəhlizi, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti barədə müzakirələr aparılıb.

Tərəflər Türkiyə, Azərbaycan və Gürcüstan gömrük orqanları arasında üçtərəfli komitənin yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyinid eyib, operativ əlaqələrin təmin edilməsi məqsədilə əməkdaşlığın daha da gücləndirilməsi barədə razılığa gəliblər.

Eyni zamanda tərəflər qaçaqmalçılıq və digər hüquqpozmalara qarşı mübarizə sahəsində əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildiriblər. Qaçaqmalçılığa qarşı mübarizə və təhlükəsizliklə bağlı fəaliyyət sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə birgə əlaqələndirmə mərkəzinin yaradılması razılaşdırılıb.

Görüş iştirakçıları BTQ dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair saziş imzalamağa hazır olduqlarını da bildiriblər.

Tədbirin sonunda Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərləri arasında görüşün Protokolu və "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol" imzalanıb.

Sənədləri S.Mehdiyev, R.T.Turaqay və L.Kakava imzalayıblar.

Gömrük Məsələləri üzrə Üçtərəfli Komitə tərəflər arasında əməkdaşlığı əlaqələndirəcək, təşviq və inkişaf etdirəcək, eləcə də əsas əməkdaşlıq sahələrini və istiqamətləri müəyyən edəcək.

Bu Komitə tərəflər arasında - gömrük məsələləri üzrə əməkdaşlığın gücləndirilməsi yollarını və imkanlarını araşdırmaq; sərhəd keçidlərini asanlaşdırmaq, sadələşdirmək və onların təhlükəsizliyini təmin etmək; gömrük siyasəti və prosedurları, icra funksiyaları, modernləşmə proqramları və təchizat zəncirinin təhlükəsizliyi ilə bağlı bilik və qabaqcıl təcrübələri bölüşmək; gömrük məsələlərində hüquq-mühafizə üzrə əməkdaşlıq, qaçaqmalçılığa qarşı birgə operativ tədbirlər görmək və başqa sahələr üzrə əməkdaşlığı əlaqələndirəcək.

Tərəflərin gömrük xidməti rəhbərləri Komitənin həmsədrləri olacaq, Komitənin - gömrük işinin təkmilləşdirilməsi; beynəlxalq əməkdaşlıq və təlim; məlumat mübadiləsi; gömrük hüquq-mühafizə məsələlərində əməkdaşlıq; risklərin idarə edilməsi və statistika üzrə işçi qrupları yaradılacaq.

Komitənin iclasları ildə bir dəfə olmaqla növbə ilə keçiriləcək. Növbəti iclasın Bakı şəhərində keçirilməsi razılaşdırılıb", - məlumatda vurğulanıb.


  
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri