Prezident: "Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti özü bərpa etdi"




"Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, təxminən, 30 il ərzində Azərbaycan ərazilərinin 20%-dək hissəsini işğal altında saxlayıb və həm öz ərazisində, həm də Azərbaycan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunan yüksək səviyyəli yubiley forumunun iştirakçılarına videoformatda müraciəti zamanı deyib.

“Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistanın Silahlı Qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini yerinə yetirməkdən imtina etdiyinə görə heç bir sanksiya ilə üzləşmədi. Ermənistan daha da irəli gedərək dövlət sərhədində və cəbhə xəttində hərbi təxribatlara əl atmaqla Azərbaycanı yeni müharibə ilə hədələməyə başladı”, - dövlət başçısı bildirib.

O, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hücuma başladığını və buna cavab olaraq, Azərbaycan ordusunun öz ərazilərində əks-hücum əməliyyatları keçirərək işğal edilmiş əraziləri azad etdiyini xatırladıb.

Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qaldığını diqqətə çatdırıb: “44 günlük Vətən müharibəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu. Azərbaycan hərbi-siyasi yollarla Bmt Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan 4 qətnaməsinin icra edilməsini təmin etdi, 30 illik münaqişəni həll etdi, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi”.



Report
Şərhlər
Siyasət bölməsinin xəbərləri