Lənkəranda 8 ay əvvəl itkin düşən qızın izahatı nəticəsində şok cinayətin üstü açıldı

Lənkəranda 8 ay əvvəl itkin düşən qızın izahatı nəticəsində şok cinayətin üstü açıldı 2012-ci ilin dekabr ayından itkin düşən Lənkəran rayon sakini Əfsanə Cavadova Bakı şəhərində tapılıb. Onun izahatı nəticəsində atası İsrafil Cavadov tutulub.


Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 2012-ci ilin dekabr ayının 26-dan itkin düşən Lənkəran rayonunun Sərinbulaq kənd sakini 18 yaşlı Əfsanə Cavadova cari il avqust ayının 5-də Səbail RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhərində tapılıb.


Əfsanə Cavadova izahatında atası İsrafil Cavadovun 2011-ci ilin iyun ayında Sərinbulaq kəndinin ərazisindəki pay torpaq sahəsində qızı Rəqsanəni qətlə yetirməsini, onu da öldürəcəyindən qorxduğundan evdən qaçmasını bildirib.


Baş Cinayət-Axtarış İdarəsi, Səbail Rayon Polis İdarəsi və Lənkəran Şəhər Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində İsrafil Cavadov tutulub, Rəqsanənin meyiti qeyd edilən ərazidən ekshumasiya edilib.


Faktla əlaqədar Lənkəran rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri