Iran Azərbaycanla quru və hava sərhədlərini açır



İran oktyabrın 23-dən turistlər üçün sərhədlərini açacaq.

LİVE.az APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə İranın mədəni irs, əl işləri və turizm naziri İzzətullah Zərğami bildirib.

Onun sözlərinə görə, İran Prezidenti Seyid İbrahim Rəisi Nazirlər Kabinetinin iclasında ölkəyə səfər etmək üçün vizaların verilməsi və quru sərhədlərindən turistlərin gediş–gəlişi üçün lazımi infrastrukturun hazırlanmasına göstəriş verib.

İran səfirliyindən LİVE.az-a verilən məlumata görə, İranda koronavirus epidemiyasının əhəmiyyətli dərəcədə nəzarətdə saxlanılmasından və qarşısının alınmasından sonra, 23 oktyabr 2021-ci il tarixindən etibarən, Azərbaycan Respublikası vətəndaşlarının İranın hava və quru sərhədlərindən (Astara, Biləsuvar, Culfa və Poldəşt) giriş-çıxışı əvvəlcədən icazə alınmasına ehtiyac olmadan aşağıdakı sağlamlıq protokollarına riayət etməklə maneəsiz həyata keçiriləcək:

1. Rəsmi hava, dəniz, dəmir yolu və quru sərhədlərindən İrana daxil olduqda 12 yaşdan yuxarı insanlar üçün ikinci koronavirus peyvəndinin vurulduğu tarixdən ən azı iki həftə keçmiş sertifikatı təqdim edilməlidir.

2. Koronavirus peyvəndi sertifikatı olmadıqda, mötəbər laboratoriya tərəfindən 96 saatdan çox olmayaraq verilmiş mənfi PCR test sertifikatı  təqdim etmək məcburidir.

Bundan əvvəl və son 9 ay ərzində İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsindən lazımi icazə alındıqdan sonra 38 qrup şəklində 9 min nəfər Azərbaycan Respublikası vətəndaşının İran İslam Respublikası ərazisinə daxil olmasına icazə verilib. 

Qeyd edək ki, İran oktyabr ayının 23-dən İraq, Əfqanıstan, Türkiyə, Azərbaycan, Naxçıvan Muxtar Respublikası, Ermənistan və Pakistanla quru sərhədlərini açacaq. Quru sərhədlərindən sərnişin avtobusları və şəxsi avtomobillərlə də gediş-gəlişə icazə veriləcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri