"Zəfər" Yarmarkasında Zəfər Günündə bayram konserti təşkil olunub.
Dənizkənarı Milli Parkda 29 oktyabr - 9 noyabr Vətən müharibəsində qazanılan qələbəyə həsr olunan “Zəfər” Yarmarkası təşkil olunub.
Yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutun.
Yarmarkanın təşkilatçıları “YAŞAT” Fondu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasıdır.
Yarmarka müddətində müxtəlif şirkətlər tərəfindən qida məhsullarının, zəfər simvolikasına aid müxtəlif suvenirlərin, kitabların və digər məhsulların satışı reallaşdırılırdı. Eyni zamanda Vətən müharibəsi ilə bağlı silah, geyim və texnikaların nümayişi üçün zona, hərbi oyun meydançaları quraşdırılmışdı. Bura gələn vətəndaşlar üçün, həmçinin hərbi vətənpərvərlik yarışları, uşaqlar üçün əyləncəli tədbirlər təşkil edildi.
Yarmarkanın hər bir günündə tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramları təşkil edildi.
Yarmarkadan əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə ediləcək.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.
8 noyabr -Zəfər günündə Yarmarkanın səhnəsində Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Mehteran Birliyinin ifasında bir sıra mahnılar səsləndirilib.
Sonra Dənizkənarı Bulvar ərazisində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Şuşada hərbçilər qarşısında çıxışı yayımlanıb. Eyni zamanda Türkiyədə "YAŞAT" Fondu tərəfindən müalicəsi davam etdirilən qazilərimizlə canlı bağlantı təşkil edilib.
Yarmarka ərazisində Zəfər Günü xüsusi çoşqu, sevinc hissi ilə qarşılanıb.
Günün sonunda Azərbaycan Respublikasının Xalq və Əməkdar artistlərinin, tanınmış estrada ulduzlarının iştirakı ilə konsert proqramı baş tutub.
21.10da isə
Azərbaycanın korifey bəstəkarlarının musiqilərinin müşayiəti ilə Zəfər Günü üçün hazırlanan möhtəşəm atəşfəşanlıq baş tutub.