"Bu gün Türk Şurasının İqtisadi Zirvəsi çərçivəsində keçirilən görüşlərdə bir neçə istiqamətdə müzakirələr aparmışıq. Ticarət, nəqliyyat, logistika, rəqəmsallaşma, enerji keçidi və iqtisadiyyatlarımızın bunun üçün hazırlığı kimi məsələlərə toxunmuşuq".
Bu fikirləri "Report"a İstanbulda keçirilən Türk Şurasının İqtisadi Zirvəsində iştirak edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, gələcək fəaliyyətin səmərəliliyini təmin etmək üçün vahid platformanın yaradılması barədə həmkarlarla fikir üst-üstə düşüb:
"Vahid İnvestisiya Fondunun yaradılması, nəqliyyat logistika dəhlizlərimizdən daha səmərəli istifadə haqqında razılığa gəlinib. Digər tərəfdən qeyd etməliyəm ki, buradaki türkdilli dövlətlərin şirkətlərinin də əməkdaşlığa böyük marağı var. Bu gün onlar podratçı qismində iştirak edir. Azərbaycan bu fəaliyyəti dəstəkləməklə yanaşı, uzunmüddətli baxışımız ondan ibarətdir ki, buradaki iştirakçılar sərmayəçi qismində də fəaliyyət göstərməlidirlər".
Mikayıl Cabbarov əlavə edib ki, artıq bu məsələ ilə bağlı sentyabr ayının sonunda müvafiq müqavilələr bağlanıb:
"Gələcəkdə sərmayəçi şirkətlərin və investorların məhz bu sahədə artan marağının şahidi olacağıq. Nəhayət, tədbir çərçivəsində ikitərəfli görüşlər də keçirdik. Bilirsiniz ki, burada təmsil olunan ölkələr - Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan bizim vacib ticari tərəfdaşlarımızdır".
Xatırladaq ki, bu ilin sentyabr ayında Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşü çərçivəsində Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qərar verilib. Məqsəd üzv ölkələrdə infrastrukturun inkişaf etdirilməsi, biznesin maliyyələşdirilməsi və investisiya layihələrindəki maliyyə çatışmazlığı ilə bağlı maneələrin aradan qaldırılması naminə əlavə resurslar səfərbər edilməsidir.
Bir sözlə, Fond davamlı iqtisadiyyatı və özəl sektorun inkişafını dəstəkləyəcək.