Səfir: "Almaniya Qarabağda su mənbələrinin təmizlənməsi üzrə əməkdaşlığa hazırdır"
- 15.11.2021, 17:35,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Almaniya dövləti, BMT-nin Ətraf mühit üzrə proqramı (UNEP), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) Azərbaycanın azad edilmiş ərazilərində su mənbələrinin təmizlənməsi işində əməkdaşlıq etməyə hazırdır".
Bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq bildirib.
“Biz əməkdaşlığın bu praktiki müddəalarını təşviq etməyə çalışırıq. Su mənbələrinin təmizlənməsi üzrə işlər Azərbaycan və Ermənistan ekoloqlarının və hökumətlərinin birgə fəaliyyəti kimi həyata keçirilə bilər, - o deyib.
Onun sözlərinə görə, bu, keçmişi arxada qoymaqla insanları bir araya gətirmək üçün zəruridir: “Müharibədən sonra Almaniyada da belə bir təcrübəmiz olub. Barışmaq üçün xeyli vaxt tələb olundu”.
Səfir əlavə edib ki, Almaniya Azərbaycanı və Ermənistanı münaqişənin başa çatmasının ildönümünü təkcə siyasi əlaqələrin deyil, həm də insanlar arasında əlaqələrin qurulması üçün başlanğıc nöqtəsi kimi qəbul etməyə çağırır: “Bir-birinə qarşı açıq olmaq və “Biz qarşılıqlı fəaliyyətə hazırıq” demək üçün insanlar barışmalıdır”.
Xatırladaq ki, bu ilin iyul ayında Zəngilandan olan məcburi köçkünlər Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqə müraciət edərək, Ermənistanın dağ-mədən sektorunda fəaliyyət göstərən, ekoloji standartlara riayət etməyərək transsərhəd Oxçuçayın çirklənməsinə səbəb olan Almaniyanın CRONIMET şirkətinə qarşı tədbirlər görülməsini xahiş ediblər.
Report