Bakıda şanlı Qələbəmizə həsr edilən “Zəfər dadı” Kulinariya Festivalı keçirilib



Vətən müharibəsində düşmən üzərində qazandığımız tarixi Qələbənin birinci ildönümü münasibətilə paytaxt Bakıda möhtəşəm kulinariya festivalı keçirilib. Şanlı Qələbəmizə həsr olunan tədbir “Azeri Home Chef”in təşkilatçılığı, Səbail Rayon İcra Hakimiyyətinin və Səbail rayonunun deputatı Nigar Arpadarainin dəstəyi ilə təşkil edilib.

 Sahil parkında keçirilən kulinariya festivalında Vətən müharibəsi qaziləri, Səbail Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, ölkənin tanınmış kulinarları, həmçinin paytaxt sakinləri iştirak ediblər. Tədbirə yüzlərlə insan qatılıb.

Festivalın əsas tərkib hissəsi olan və 50 həvəskar kulinarın qatıldığı “Qələbənin dadı” adlı müsabiqədə iştirakçılar Zəfər bayramına həsr olunmuş növbənöv yeməklər hazırlayıblar. Hazırlanan təamlar Vətən müharibəsi qazilərindən ibarət jüri heyəti tərəfindən dequstasiya edilərək qiymətləndirilib. Qeyd edək ki, Beynəlxalq Kulinariya Assosiasiyasının Azərbaycan filialının vitse-prezidenti Anar Qasımov, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının İdarə Heyətinin üzvü Sərxan Məmmədbəyov da münsiflər heyəti sıralarında görünüb və həvəskar kulinarların əl işləri ilə bağlı öz dəyərli fikir və məsləhətlərini bölüşüblər.

Sahil parkında baş tutan, yüzlərlə insanın maraqla izlədiyi və birbaşa iştirakçısına çevrildiyi festivalda, həmçinin kiçik sahibkarların əl işlərinin və məhsullarının satışı da həyata keçirilib.

Xatırladaq ki, “Azeri Home Chef” Fəxrəndə Həsənzadə tərəfindən təsis edilən feysbuk sosial media platformasında 40 minə yaxın fəal sosial şəbəkə istifadəçilərini birləşdirən bir qrupdur. Sözügedən qrup hər ay kulinariya mövzusunda müxtəlif maraqlı tədbirlər və müsabiqələr keçirir. İndiyədək 90-dan çox tədbir və müsabiqəyə imza atan “Azeri Home Chef" daha öncə kulinariya mövzusunda Balqabaq Festivalı, Çörək Festivalı, Balıq Festivalı, Düyü Festivalı, Əncir Festivalı və s. kimi bir çox irimiqyaslı tədbirlər təşkil edib.



































 
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri