Çip böhranı niyə yaranıb və ondan kimlər qazanır?




Kompüterin siçanına, smartfon və ya planşetin ekranına tıklanayan zaman, klaviaturada yazanda biz öz komandalarımıza ani reaksiya gözləyirik. Bir çox hallarda bunu yarımkeçiricilər və ya çiplər təmin edir. Onlar müasir elektronikanın beyni sayılır və həm əsas həm də genişləndirilmiş funksiyalara cavabdehdir. Belə bir vacib elementin qlobal tədarük zəncirində problemlərin və ya onun defisitinin hansı fəsadlar tördəcəyini təsəvvür etmək çətin olsa da bu günümüzün reallığına çevrilib. Dünya iqtisadiyyatı dərin çip böhranı içindədir və hər keçən gün onun mənfi təsirlərini daha aşkar şəkildə hiss etməkdədir.

Böhranın kökü hələ 2019-cu ilə dayanır. Çinin yüksək texnoloji şirkətləri "Huawei", "ZTE" və digərlərinə qarşı ABŞ tərəfindən sanksiyaların tətbiq olunması onları məhsul istehsalı üçün müəyyən ehtiyat yaratmaq üçün çiplərin alışını əhəmiyyətli dərcədə artırmağa sövq etdi. Onların rəqibləri də bazarda yaranmış boşluğu doldurmaq məqsədilə daha çox məhsul istehsal etmək üçün eyni addımı atdılar. Koronavirus pandemiyası tələb və təklif arasındakı disbalansı dərinləşdirdi.

Dünya üzrə çoxsaylı insanlar sosial təcridlə bağlı evdən işləməli oldular. Bu isə şəxsi kompüter, noutbuk, planşet kimi elektronika məhsullarına və rabitə vasitlərinə tələbatı kəskin artırdı. 2021-ci il ərzində isə baş verən bir sıra fors-major hadisələr böhranın daha kəskin xarakterl almasına səbəb oldu. Belə ki, fevralda Texasda ekstremal soyuq hava şəraitinə görə elektrik enerjisinin verilişdə problemlər yarandı. Bundan dolayı dünyanın ən iri yarımkeçirici istehsalçılarından olan “Samsung” və avtomobil sənayesi üçün çip istehsal edən Niderlandın “NXP Semiconductors NV” şirkəti istehsallı dayandırmalı oldu.


Martın 19-da dünya üzrə avtomobillər üçün mikrosxemlərin ikinci ən iri istehsalçısı olan “Renesas Electronics”in Yaponiyadakı zavodlarından birində yanğın nəticəsində mikrosxem istehsal edən 23 avadanlıq sıradan çıxdı. Yanğından dərhal sonra şirkət istehsalın bərpasına bir neçə ayın gərəkli olacağını deyərək, müştəriləri çip çatışmazlığının ola biləcəyinə dair xəbərdar etdi. Payına qlobal çip istehsalının yarıdan çoxu düşən Tayvanda son 50 ildə ən güclü quraqlıq qeydə alındı. Yarımkeçirici istehsalında istifadə olunan metalın təmizlənməsi üçün su vacibdir.

Çip sektorunun lideri Tayvanın “Taiwan Semiconductor Manufacturing Company” (TSMC) şirkətinə fəaliyyət göstərmək üçün gündəlik 156 min ton su gərəklidir. Defisit çiplərin qiymətinin artması ilə müşahidə edildi. Qiymətin artmasını şərtləndirən daha bir faktor Çində elektik enerjisinin verilişi ilə əlaqədar məhdudiyyətlərə görə bu ilin sentyabrından dekabra kimi silisium istehsalının 90 % azaldılması oldu. Belə ki, yüksək saflaşdırılmış metal silisium yarımkeçirici sənayesində istifadə olunan əsas materialdır. Ötən dövr ərzində bu metal 300 % bahalaşıb.

Ən böyük zərbəni avtomobil sənaye aldı

Məhdud təkilf şəraitində mikroçip istehsal edən şirkətlər məhsulları ilkin olaraq kimin alacağına dair seçim etməli idilər. Avtomobil sənayesi böhrandan əvvəl qiyməti 10 ABŞ dollarından çox olmayan çiplər sifariş edir. Kompüter, smartfon istehsalçıları, telekommunikasiya şirkətləri isə adətən istehsal rentabelliyi daha yüksək və qəliz olan bahalı çiplər sifariş edirlər. Buna görə seçim məhz sonuncuların xeyrinə edildi. Bu isə avtomobil istehsalı sənayesini çətin vəziyyətə saldı. Böhran demək olar ki, bütün aparıcı avtomobil istehsalçılarına təsir edib. Onlar ucuz lakin tapılmayan mikrosxemləri ala bilmədiklərinə görə istehsal həcmlərini azaldmaq məcburiyyətində qalırlar. Avtomobil sənayesinin lideri “Volkswagen”in problemləri hələ fevralda başladı. İstehsal demək olar ki, hər ay ya dayandırılıdı ya da məhdudlaşdırılırdı. Şirkətin avtomobil istehsalı 2021-ci ilin nəticələrinə görə 6,2 % azalacaq. Dünyanın ikinci ən iri avtomobil istehsalçısı “Toyota” uzun müddət yarımkeçiricilərin mənfi təsirlərindən qorunmağı bacardı. Buna şirkətdə mövcud olan defisitin mümkün təhlükələrini izləməyə imkan verən qəliz monitorinq sistemi sayəsində nail olundu. Kifayət qədər iri mikrosxem ehtiyyatı yaradılsa da ilin sonuna kimi yetərli olmadı. Artıq sentyabrda istehsal plana nisbətən 40 % azaldı. Keçən ayda da analoji vəziyyət müşahidə edildi. Noyabr üçün istehsal üzrə proqnoz 15 % azaldıldı. İlin nəticələrinə görə isə 300 min daha az avtomobil istehsal ediləcək.

Avropanın ən iri avtomobil istehsalçılarından biri “Renault” bu il 500 min daha az avtomobil istehsal edəcəyini gözləyir. Şirkət cəmi bir ay əvvəl bu göstəricinin 220 min ədəd olacağını proqnozlaşdırırdı. “General Motors” istehsal həcmini 86 min ədəd, “Stellantis” – 600 min ədəd, “Ford” – 700 min ədəd azaldacaq. “AlixPartners” konsaltinq şirkətinin proqnozuna görə bu il avtomobil istehsalı 7,7 milyon ədəd azalacaq. Avtomobil sənayesinin bununla əlaqədar olaraq itkiləri 210 milyard ABŞ dolları olacaq. Qlobal istehsal itikiləri yeni avtomobillərin satışlarına da təsir edib. Bu ilin sentyabr ayında dünyada 6,299 milyon ədəd yeni avtomobil satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,3 % azdır. Ən iri avtomobil bazarı olan Çində sentyabrda satışlar 16,5 %, Qərbi Avropada - 24,2 %, Şərqi Avropada - 20,9 %, ABŞ-da - 25,1 %, Cənubi Amerikada – 26,1 % azalıb. Nəticədə bu ilin üçüncü rübündə bir il əvvəlki göstəricilərlə müqayisədə “General Motors”un mənfəəti 40 %, “Ford”un – 23 %, “Volkswagen”in - 4 % azalıb.

Texnologiya şirkətləri böhrana daha yaxşı adaptasiya oluna bildilər

Böhran texnoloji şirkətlərdən də yan keçməyib. Dünya üzrə ən iri çip sifarişçisi olan “Apple” da tədarük zəncirindəki fasilələrdən əziyyət çəkir. Bu problem şirkətə 6 milyard ABŞ dollarına başa gəlib. Çatışmazlıq özünü modem və gərginlik sabitləşdiricisi kimi köhnə texnoloji proseslə istehsal olunan çiplərin “Foxconn” şirkətinin yığım konveyerlərinə tədarükündə özünü göstərir. Belə ki, şirkət “Apple Silicon” kimi aparıcı mikrosxemlərin əldə olunması ilə bağlı heç bir problem yaşamır.

Yəni texnoloji şirkətləri avtomobil sənayesi qarşısındakı üstünlüyü daha geniş manevr imkanlarını olmasıdır. Onlar ucuz çip çatışmazlığı hiss etdikdə, daha baha hissələr alaraq bahalı cihazlar istehsal etməyə başlayırlar. Avtomobil sənayesi isə inadla daha müasir mikrosxemlərə keçməkdən imtina edərək qlobal defisit şəraitində istehsalı mövcud qiymətlərlə sərfəli olmayan 45 və hətta 90 nanometrlik ucuz çiplər şifariş etməyə davam edir. Yəni baha çip almaq yerinə sifarişləri daha çox gözləməyə üstünlük verilir. Nəticədə orta gözləmə müddəti adi hallardakı 9-12 həftədən bu yayda 19, oktyabrda isə 22 həftəyə, bəzi hallarda isə 38 həftəyə kimi uzanıb. Xüsusilə köhnə texnoloji proseslə istehsal olunan çiplərin çatdırılma müddəti hətta 60 həftədən yuxarı da olur. Mövcud vəziyyətdə uduşda olan isə elə çip istehsalçılarıdır. Yarımkeçiricilərin satışından gəlirlər bu ilin 3-cü rübündə 144,8 milyard ABŞ dollara çatıb. Bu, 2020-ci ilin eyni dövrünün göstəricisindən 27,6 % çoxdur və yeni tarixi rekorddur. Sektorun lideri TSMC 2021-ilin iyul-sentyabr aylarında cəmi gəlirləri ötən ilin eyni dövrünə nisbətən 23 % artaraq 14,8 milyard ABŞ dolları olub. Gəlirlərin əsas hissəsi “Apple” və “AMD” kimi daimi müştərilərin sifarişləri hesabına olub. Eyni dövrdə “Intel”in gəlirləri 60 % artaraq 6,8 milyard ABŞ dolları olub. ABŞ-ın sanksiyaları altında olan Çinin ən iri çip istehsalçısı “Semiconductor Manufacturing International Co.”nun (SMIC) gəlirləri illik ifadədə III rübdə 31 % artıb.

Bundan sonra nələr gözlənilir?

Böhran bu sektora iri həcmli investisiyaların gəlməsini stimullaşdırır. ABŞ yarımkeçiricilərin istehsalının inkişafına 50 milyard ABŞ dolları yönəldəcək. TSMC-i Yaponiyada zavod tikəcək. Yeni müəssisənin maliyyəsinin yarısı “gün doğan” ölkənin höküməti tərəfindən qarşılanacaq. Hazırda TSMC Tayvanın cənubunda yeni zavod tikdirir. O, yaxın üç ildə yeni güclərin yaradılmasına 100 milyard ABŞ dolları xərcləyəcək. “Bosch” yarımkeçirici lövhələrin istehsalı üzrə zavodlarına 2022-ci ildə 400 milyon avrodan çox yatırım edəcək. Operativ yaddaş tədarük edən üç iri şirkətdən biri olan “Micron” yaxın on ildə yarımkeçirici istehsalına 150 milyard ABŞ dolları yatıracaq. “Samsung” 2030-cu ilə kimi yaddaşsız mikrosxemlərə 151 milyard avro investisiya edəcək. “İntel” şirkəti Arizonada 20 milyard ABŞ dolları dəyərində iki yeni zavod tikəcək.

İstehsal güclərinin genişləndirilməsi üzrə uzunmüddətli layihələrə 100 milyardlara ABŞ dollarının yatırılması böhranın aylar deyil illərlə uzana biləcəyinin göstərici kimi qiymətləndirilə bilər. Belə ki, mikrosxem istehsalçıları buna defisitin bir neçə il davam edəcəyindən əmin olmasaydılar getməzdilər. “Intel”in baş direktoru Pet Qelsincerdə bu fikri müəyyən mənada təsdiq edib. O çip bazarında tələblə və təklif arasındakı tarazlığın 2023-cü ilə kimi bərpa olunmayacağını deyib. Oxşar qiymətləndirmə ilə “General Motors” və “Ford”da çıxış edib.

Çip sənayesinin spesifik xüsusiyyəti ondan ibarətdir ki, istehsal dünyada əsas etibarı ilə cəmi bir neçə müəssisədə cəmlənib. Kəskin formada istehsalı artırmaq mümkün deyil. Bunun üçün gəliz texnika və yüksək ixtisaslı əmək qüvvəsi tələb olunur. Yəni ən azından yaxın perspektivdə böhranın qalacağı gözləniləndir. Belə olan halda avtomobil istehsalçıları maliyyə itkilərini kompensasiya etmək üçün həmin yükü son istehlakçının üzərinə qoymağa davam edəcək. Yeni avtomobillərin qiymətlərinin və çatdırılma müddətlərinin artması daha çox alıcının təkrar bazara yönəlməsini stimullaşdıracaq. Hazırda qlobal logistikada və tədarük zəncirindəki problemlər ikinci əl bazardakı qiymətlərə təziqi artıra bilər. Avtomobil istehsalçıları tədarük zəncirini optimalladıraraq vasitəçilər olmadan çip istehsalçılarına birbaşa çıxış təmin etməyə çalışacaqlar. Bu çiplərin alınma vaxtını azaltmağa imkan verə bilər.




Report
Şərhlər
Sosial bölməsinin xəbərləri