Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili Tbilisidəki Qldani həbsxanasının klinikasından Qori şəhərindəki hərbi hospitala köçürülməsinə etiraz etmir.
Bu barədə Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Eka Xerxeulidze jurnalistlərə açıqlamasında bildirib.
Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze Qori hospitalına baş çəkib və tibbi müəssisədə mövcud vəziyyətlə tanış olub. O, xəstəxananın M.Saakaşvilinin müalicəsi üçün zəruri maddi-texniki baza ilə təchiz olunduğunu deyib.
Ölkə prezidenti Salome Zurabişvili öz növbəsində bəyanatla çıxış edərək sabiq dövlət başçısının Qori hospitalına köçürülməsi ilə bağlı planı alqışlayıb. Onun sözlərinə görə, klinika həm tibbi, həm də təhlükəsizlik baxımından bütün standartlara cavab verir.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidəki 12 saylı həbsxanaya yerləşdirilmiş siyasətçi noyabrın 8-də Tbilisidəki Qldani türməsinin müalicə müəssisəsinə yerləşdirilib. Artıq 50 gündür aclıq aksiyası keçirən keçmiş prezidentin ötən gün vəziyyəti pisləşib.
///
2021-11-19 01:10
Həkim: "Mixeil Saakaşvilinin hazırkı vəziyyəti tam sabitdir"
“Mixeil Saakaşvilinin hazırkı vəziyyəti tam sabitdir. Hermodinamika, oksigenasiya və nəfəs göstəriciləri norma daxilindədir”.
Bunu Gürcüstanın Xüsusi Penitensiar Xidmətinin həkim-reanimatoloqu jurnalistlərə açıqlamasında deyib.
Həkimin sözlərinə görə, pasiyentdə özündən getmə epizodu olub:
“Aparılmış kiçik reanimasiya tədbirləri nəticəsində onun vəziyyəti sabitləşib”.
///
“Gürcüstanda həbsdə olan keçmiş prezident Mixeil Saakaşvilinin vəziyyəti pisləşib. O, bu gün huşunu itirərək yıxılıb”.
Bunu onun vəkili Beka Basilaya jurnalistlərə məlumat verib.
Gürcüstanın Xüsusi Penitensiar Xidmətindən bildirilib ki, M.Saakaşvilinin sağlamlıq durumu sabitdir. Qeyd olunub ki, həkim-reanimatoloq tezliklə mətbuat üçün açıqlama ilə çıxış edəcək.
Qeyd edək ki, sabiq dövlət başçısı oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, noyabrın 8-də Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsindən Tbilisidəki Qldani həbsxanasının klinikasına yerləşdirilib. M.Saakaşvili saxlanıldığı gündən artıq 49-cu gündür aclıq aksiyası keçirir.
Report