Xəstəxanaya qədər tibbi müdaxilələrin beynəlxalq protokollara uyğunlaşdırılması təklif olunub



Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev ÜST-nin Azərbaycandakı ofisinin, Türkiyə Səhiyyə Nazirliyinin, Ege Universitetinin nümayəndələrini qəbul edib.

Səhiyyə Nazirliyindən mediaya bildirilib ki, qonaqları salamlayan Teymur Musayev ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən tibb sahəsində qarşılıqlı faydalı əlaqələrin mövcudluğunu vurğulayıb.

Görüşdə Azərbaycanda Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinin gücləndirilməsi istiqamətində, xəstəxanaya qədər və xəstəxana daxili təcili yardım xidmətlərinin, fövqəladə vəziyyətlərdə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində əməkdaşlıq müzakirə olunub.

Bundan əlavə Təcili Tibbi Yardım Stansiyalarının yenilənməsi və funksional sahələrinin genişləndirilməsi, xəstəxanaya qədər tibbi müdaxilələrin beynəlxalq protokollara uyğunlaşdırılması da təklif olunub.

Bölgələrdə xidmət göstərən bütün təcili tibbi yardım maşınlarının fövqəladə hallar və təxirəsalınmaz vəziyyətlərdə Mərkəz stansiya tərəfindən təmin olunması, xəstəxanaya qədər təcili tibbi yardım xidmətlərində çalışan tibb işçilərinə Türkiyə təcrübəsindən yararlanaraq təməl proqramlarının başladılması və inkişaf etdirilməsi məsələləri də müzakirə edilib.

Sonda nümayəndə heyətinin təkliflərini dinləyən səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev bu əməkdaşlığın gələcəkdə uğurlu olacağına inandığını vurğulayıb. O, Təcili və Təxirəsalınmaz Tibbi Yardım işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məsələlərinin daim diqqətdə saxlanıldığını qeyd edib.



Şərhlər
Sosial bölməsinin xəbərləri