Əziz Səncər Prezident İlham Əliyevlə görüşündən danışıb



"Prezident İlham Əliyevlə görüşümüzdə Qarabağ savaşından söz açdıq. ATƏT-in Minsk qrupunun, təxminən, 30 il davam edən ikiüzlü siyasətinə toxunduq. Onlar 30 il ərzində heç bir addım atmadılar. Minsk qrupunun məqsədi o idi ki, Qarabağ ermənilərdə qalsın".

Bunu Kimya üzrə Nobel mükafatı laureatı, dünya şöhrətli alim, professor Əziz Səncər Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Minsk qrupunun planı baş tutmadı və Azərbaycan öz torpaqlarını işğaldan azad etdi: "Görüşdə dedim ki, türk əsilli aliməm. Türk olmanın önəmli yönü də elm sahəsində güclü olmaqdır. Əgər bilikli olmasaq xarici qüvvələrin etdiklərinə qarşı çıxmaq gücümüz olmaz və onların istədiklərini etmək məcburiyyətində qalarıq. Bu fikirlərimi cənab Prezident İlham Əliyev də dəstəklədi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşümdə də eyni fikirləri söyləyirdim. Vurğulayırdım ki, təməl biliklərə hər şeydən əvvəl üstünlük verilməlidir. Texnologiyaların inkişafı da təməl biliklər əsasında düzgün qurula bilər. Bu da türk dünyasına fayda verməkdən başqa, həm də insanlıq qarşısında borcumuzdur".

"44 günlük Vətən müharibəsindən sonra ABŞ-da qarşıdurma olacağından ehtiyat edirdim. Lakin həmin ərəfədə daxili siyasət baxımından başları qarışıq oldu və qarşı çıxa bilmədilər. Əslində qarşı da çıxa bilməzdilər, çünki Azərbaycan öz haqlı səsini ucaldıb torpaqlarını azad etdi. Avropada bəzi hadisələr olub, ancaq onu izləməmişəm", - o bildirib.



Report
Şərhlər
Sosial bölməsinin xəbərləri