Məşhur tarixçi alim Fəridə Məmmədova vəfat edib





Azərbaycanın məşhur tarixçi alimi, AMEA Tarix İnstitutunun “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası” şöbəsinin müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Fəridə Məmmədova vəfat edib.

Bu barədə mediaya AMEA-nın Tarix İnstitutundan məlumat verilib.

O, 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, F.Məmmədova 1936-ci il avqustun 8-də Azərbaycan SSR Əli Bayramlı şəhərində (indiki Şirvan şəhəri) anadan olub, 1955-1960-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) Tarix fakültəsində təhsil alıb.

1960-cu ildən etibarən AMEA Tarix İnstitutunda işləməyə başlayıb, 2002-ci ildən isə “Azərbaycanın tarixi coğrafiyası” (hazırda “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası”) şöbəsinin müdiri olub.

1962-1969-cu illərdə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübə keçib və oranın aspirantı olub: - qədim fars (mixi yazi), orta fars (pəhləvi), qədim erməni (qrabar) və qədim gürcu dillərini bilirdi.

O, 1971-ci ildə “Musa Kalankatlının “Albanların tarixi” Qafqaz Albaniyasının ictimai quruluşunun mənbəyi kimi” tarix üzrə namizədlik, 1987-ci ildə “Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.

1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tarix elmləri doktoru, daha sonra həqiqi üzvü, 1993-ci ildə AMEA tarix elmləri doktoru, 2001-ci ildə AMEA müxbir üzvü seçilib.

Elmi fəaliyyətlə məşgul olduğu dövrdə elmdə ilk dəfə Albaniyada feodalizmin genezisini tədqiq edib, feodalizm təsisatları haqqında təsəvvürləri bərpa edərək erkən orta əsrlər dövründə Albaniyada ibtidai icma quruluşunun mövcudluğu haqqında elmdə hökm sürən rəyin yanlış və əsassız olduğunu sübut edib.

Tarix elmində ilk dəfə Albaniyanın e.ə. IV əsrindən e. VII əsri daxil olmaqla bütöv bir dövrü üçün 6 xəritə tərtib edib, Albaniya dövlətçiliyinin bütün rəmzlərini, Alban Arşakilar sülaləsinin və onları əvəz etmiş büyük knyazlar - Mehranilərin daxili və xarici siyasətini işıqlandırıb.

Elmdə ilk dəfə Albaniyada xristianlığın erkən yayılması səbəblərini, Alban kilsəsinin təşəkkülü tarixini tədqiq edərək üzə çıxarıb, Kilsənin Apostol kilsəsi kimi yaranmasını, avtokefal müstəqilliyini, habelə həm Qafqazda, həm də dünyada yaranan ən qədim kilsələrindən olduğunu sübuta yetirib. Erməni tarixi coğrafiyasını tədqiq edərək, ermənilərin yalnız iki dəfə, Qafqaz hüdudlarından kənarda, Kiçik Asiyanın iki müxtəlif yerində dövlət qurumunun yaranmasını üzə çıxarıb.

2005-ci ildə nəşr edilən “Qafqaz Albaniyasi və albanlar” adlanan monoqrafiyasında Qafqaz Albaniyası tarixinin əsas cəhətlərini üzə çıxarıb, IX–XIX əsrlərin son dövr albanlarının tarixini işıqlandırıb.

VIII–IX və XIX əsrdə albanların iki dəfə millisizləşdirilməsi üsul və yolları açıqlanır, əksəriyyətinin islamı qəbul etməsi, daha sonra türkləşməsi prosesi izlənir.

Monoqrafiyada gürcü va erməni tarixşünasları tərəfindən zəbt edilən qüdrətli alban etnomədəni layı Azərbaycan tarix elminə qaytarılır, onun bütün cəhətləri bərpa olunur. Monoqrafiya Qafqazda XIX əsrə qədər ermənilərin həm ərazi, həm etnik, həm də siyasi və mədəni cəhətdın yoxluğunu sübut edən yeni müddəadır.

Elmi tədqiqat fəaliyyəti ali məktəblərdə pedaqoji fəaliyyətlə uyğunlaşdırılıb. 1978-ci ildə Azərbaycan Dövlət Universiteti, Azərbaycan Pedaqoji İnstitutu, 1997–1998-ci illərdə “Xəzər Universiteti” tarix müəllimi, 1998-ci ildə Qərb Universitetində “Politologiya” kafedrasının professor, 1998–2001-ci illərdə orada “Humanitar fənlər” kafedrasının müdiri vəzifəsində işləyib.

Qərb Universitetində “Milli özünü dərk problemləri” Beynəlxalq konfransının elmi təşkilatçısı olub, “Azərbaycan milli ozünü dərki və onun təzahürü mərhələləri” mövzusunda məruzə edib, 2006–2018-ci illərdə Azərbaycan Respublikası Milli Aviasiya Akademiyasının “İctimai elmlər” kafedrasinın müdiri olub.

F.Məmmədova 6 beynəlxalq konfransın təşkilatçısı və məruzəçi, 27 beynəlxalq konfransların iştirakçı və məruzəçisi olub - Bakıda, Russiyada (Moskva), Gürcüstanda (Tbilisi), Finlandiya (1989), Fransada 3 dəfə (1989, 2004: Pariş, Strastburg, Normandiya), Almaniyada 4 dəfə (1991, 1993, 1994, 2010: Berlin, Köln), Türkiyədə 3 dəfə (1989, 1990, 1991: Ankara, Keisari), Isveçrə (1994: Sürix), Avstriya (1998: Vyana), ABŞ (1990), İngiltərədə 3 dəfə (2012, 2014: London, Kembric), İtaliyada (2015: Roma).

F.Məmmədova 6 monoqrafiya və 120 məqalənin müəllifidir. “Azərbaycanın tarixi coğrafiyası” kollektiv monoqrafiyasının (Bakı, 1987) redaktor və aparıcı müəlliflərindən biri olub. Yeddi cildlik “Azərbaycan tarixinin” ikinci cildinin (“Azərbaycan tarixi”, Bakı, 1998, II cild), “Qarabağ” kollektiv monoqrafiyasının (“Tarix və mədəniyyət oçerkləri,” Bakı, 2004), “Gəncə şəhərinin tarixi” kitabının (Bakı, 2004), “Kürəkçay müqaviləsi-200” kollektiv monoqrafiyasının (Bakı, 2005) müəlliflərindən biridir.

Qərb Universitetində gender proqramında iştirak edib, ali məktəblər üçün “Azərbaycan tarixində qadınlar” movzusunda proqram hazırlayıb. Ali məktəblər üçün “Qədim dövrlərdən XX əsrə qədər qədər Azərbaycan tarixində qadınlar” mövzusunda məruzə yazıb. Məruzələr “Gənclər, tarix, cəmiyyət, mədəniyyət kitabında (Bakı, 2002) dərc olunub.

F.Məmmədova 20 fəlsəfə doktoru, 1 elmlər doktoru hazırlayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən üç dildə nəşr olunan “Qafqaz Albaniyasının etno-mədəni irsi” (№ 1, Bakı, 2019) və (№ 2, Bakı, 2021) adlı məqalələr toplusunun elmi redaktoru və 2 məqalənin müəllifidir.

Azərbaycan dövləti elmi fəaliyyətini yüksək qiymətləndirərək “Tərifnamə” (1980), “Azərbaycan Respublikasının əməkdar elm xadimi” (1990), respublikanın Dövlət mükafatına layiq görüb, “Şöhrət” (2004) ordeni, “Y.Məmmədəliyev”, “Nizami”, “Moskva və Bütün Rusiyanın Patriarxı II Aleksi” adına medallar ilə, “Qızıl qələm” ilə təltif edilib.
Şərhlər
Sosial bölməsinin xəbərləri